Bakı neft emalı zavodunda bitum qurğusunun tikintisi üçün hazırlıq işlərinə başlanılıb

Bakı neft emalı zavodunda bitum qurğusunun tikintisi üçün hazırlıq işlərinə başlanılıb Ərazidə olan tikililər sökülüb, metal qırıntıları daşınıb çıxarılıb
Energetika
8 Dekabr , 2015 14:37
Bakı neft emalı zavodunda bitum qurğusunun tikintisi üçün hazırlıq işlərinə başlanılıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda “Euro-5” standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik riforminq qurğuları, ümumiyyətlə zavod təsərrüfatının yenidən qurulması, eləcə də bir neçə yeni qurğunun inşası planlaşdırılır.

Yenidənqurma tədbirləri çərçivəsində zavodda ilkin olaraq 2018-ci ilin ortalarında yeni bitum istehsalı qurğusunun istismara veriləcəyi proqnozlaşdırılır.

"Bu tədbir keçmiş “Azərneftyağ” Neft Emalı Zovudunun mövcud infrastrukturunun tamamilə istismardan çıxarılmasına, H.Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcək, eyni zamanda yüksək keyfiyyətli bitum istehsalına və Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcək", - deyə məlumatda qeyd olunub.

Artıq yeni bitum istehsalı qurğusunun inşası üçün H.Əliyev adına NEZ-in ərazisində - tikintisi yarımçıq saxlanılmış “kükürd qurğusu”nun ərazisində müvafiq yer ayrılıb. Ərazidə olan tikililər sökülüb, metal qırıntıları daşınıb çıxarılıb. Çoxsaylı kran, buldozer və digər maşın-mexanizmlər vasitəsi ilə ərazi tullantılardan təmizlənib, torpaq-qazma işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi