Yuxarı
    Bağlamaq

    Bakı Neft Emalı Zavodu ilə "Tecnicas Reunidas" şirkəti arasında müqavilə imzalanıb

    Bakıda zavodun yenidən qurulması və modernizasiyası üzrə EPCm müqaviləsinin rəsmi imzalanma mərasimi keçirilib
    © Socar.az

    Bakı. 19 dekabr. REPOPT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına NEZ və “Tecnicas Reunidas” (İspaniya) şirkəti arasında zavodun yenidən qurulması və modernizasiya layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə, Satınalma, Tikinti) müqaviləsinin rəsmi imzalanma mərasimi keçirilib.

    “Report” Şirkətə istinadən xəbər verir ki, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, strateji İnkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Şirkətin baş ofisinin rəhbər şəxsləri, Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, TR şirkətinin İdarə heyətinin sədrinin müavini, baş icraçı direktoru Xuan Llado Arburua, korporativ inkişaf üzrə baş direktoru Enrike Alsina Massana, Təkliflər Departamentinin direktoru Karlos Molinero Monge və digər məsul şəxslər iştirak ediblər. 

    Müqaviləni NEZ-in direktoru E.İsmayılov və TR şirkətinin korporativ inkişafı üzrə baş direktoru Enrique Alsina Massana imzalayıblar. 

    NEZ-də İlkin Detallı Layihələndirmə (FEED) işləri başa çatdıqdan sonra layihənin növbəti - Layihələndirmə, Satınalma, Tikinti (EPCEPCm) mərhələsinin icrası üçün podratçıların təyin edilməsi məqsədilə layihənin İdarə edilməsi üzrə Podratçı (PMC) “SOCAR-KBR” şirkəti tərəfindən müvafiq seçim proseduru keçirilib. 10 beynəlxalq şirkətin iştirak etdiyi prosedurda TR şirkəti tərəfindən təqdim edilmiş texniki və kommersiya təklifi ən yüksək yekun bal toplayaraq qalib gəlmişdir. Qeyd edək ki, NEZ-də yenidənqurma işləri, əsasən, iki istiqamət üzrə həyata keçirilir: yeni qurğuların inşası və mövcud əsas qurğuların və ümumi zavod təsərrüfatının (ÜZT) yenidən qurulması.

    TR şirkəti ilə imzalanan saziş məhz mövcud qurğuların və ÜZT-nin yenidənqurma işlərini əhatə edir.

    Tədbirdə çıxış edən SOCAR-ın prezidenti R.Abdullayev TR şirkətini seçim prosedurunun qalibi elan olunması münasibəti ilə təbrik edib. O qeyd edib ki, bu gün SOCAR hasilatla yanaşı, həm də emal sahəsində bir sıra iri investisiya layihələrini həyata keçirir, öz biznes portfelinin və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verir: “SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsi bu kontekstdə xüsusi yer tutur. Artıq NEZ-də yenidənqurma tədbirlərinin ilkin mərhələsi çərçivəsində inşa edilən yeni Bitum qurğusunun ardınca “Euro-5” standartına cavab verəcək yüksək keyfiyyətli mühərrik yanacaqlarının, dizel və benzin məhsullarının alınması üçün daha müasir və səmərəli qurğuların istifadəyə verilməsinin astanasındayıq. Hesab edirəm ki, “Tecnicas Reunidas” şirkəti ilə əməkdaşlıq bu layihənin uğurla gerçəkləşməsinə müsbət təsir edəcək”.

    İmzalanma mərasimində çıxış edən TR şirkətinin İdarə Heyətinin sədrinin müavini, Baş icraçı direktoru Xuan Llado Arburua Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq yenidənqurma işlərinin yüksək keyfiyyətdə, təhlükəsizlik qaydalarına əməl etməklə zamanında icra edəcəklərinə inandığını bildirib.
    Qeyd edək ki, SOCAR tərəfindən Heydər Əliyev adına NEZ-də həyata keçirilən yenidənqurma və modernizasiya layihəsinin əsas məqsədləri ölkədə nəqliyyat vasitələri parkının genişlənməsi nəticəsində yüksək keyfiyyətli yanacağa artan tələbatı təmin etmək, emal və kimya sahəsindəki layihələrimizlə sinerji yaradaraq, ölkənin ixrac potensialını gücləndirmək, ölkədə ekoloji durumu yaxşılaşdırmaqdır. Bu məqsədlə NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub:
    I mərhələ üzrə 2018-ci ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;
    II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;
    Son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Euro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və rekonstruksiya işlərinin aparılması. 

    Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq, istehsal olunan benzinlərin və dizel yanacağının keyfiyyət göstəriciləri “Euro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı təmin ediləcək. Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş “Azərneftyağ” NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur.

    Bildirək ki, “Tecnicas Reunidas” beynəlxalq podratçı şirkətdir. 1960-cı ildə təsis edilmiş “Lummus Espanola” şirkəti 1972-ci ildə Técnicas Reunidasla birləşərək onun adını qəbul edib və “Técnicas Reunidas, S.A.” kimi tanınmağa başlayıb. TR neft–qaz sektorunda mühəndislik və tikinti üzrə aparıcı şirkətlərdən biri hesab olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi