Bakı-Ərzurum kəməri ilə qaz nəqli artıb

Bakı-Ərzurum kəməri ilə qaz nəqli artıb Azərbaycanın magistral qaz kəmərləri ilə 14,5 mlrd. kubmetr qaz nəql edilib
Energetika
18 Sentyabr , 2017 09:56
Bakı-Ərzurum kəməri ilə qaz nəqli artıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 14 536,9 mln. kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8% artım müşahidə olunub.

Qazın nəqlinin 32,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4 779,4 mln. kubmetr qaz ötürülüb. Bu həcm isə illik müqayisədə 1,3% artıqdır.

Qeyd edək ki, CQBK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

CQBK-nın iki operatoru var – BP şirkəti obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nın sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi