Yuxarı

​Bakı Dərin Özüllər Zavodunda bioloji təmizləmə qurğusu istismara verilib

Qurğunun imkanlarından SOCAR-ın zavoda yaxın ərazidə yerləşən digər müəssisələri də istifadə edəcək

Bakı. 18 sentyabr. REPORT.AZ/ Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa olunmuş bioloji təmizləmə qurğusu istifadəyə verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə müəssisənin direktoru Ayaz Qarayev bioloji təmizləmə qurğusu layihəsinin icrası ilə bağlı məlumat verib.

Qeyd olunub ki, sutkada 1 500 kubmetr sutəmizləmə gücünə malik “Biomas-P” tipli qurğuda təmizlənəcək məişət-çirkab suları zavod ərazisində salınmış yaşıllıq zonasının suvarılması və texniki məqsədlər üçün yararlı olacaq.

Təmizlənmiş suyun laboratoriyada mütəmadi yoxlanılması üçün lazımi şərait yaradılıb. Layihəsi “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən verilmiş qurğunun baş podratçısı “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsidir.

Qeyd olunub ki, perspektivdə qurğunun imkanlarından SOCAR-ın zavoda yaxın ərazidə yerləşən digər müəssisələrində də istifadə olunması planlaşdırılır. İclasda “Biomas-P” qurğusunun fasiləsiz istismarı üçün ixtisaslı operatorların hazırlanması haqqında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi