Bakı. 7 aprel. REPORT.AZ/ Bu ilin mart ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 623 733 ton Azərbaycan nefti nəql olunub.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin mart ayından 4% artıq olub.
Cari ilin yanvar-mart aylarında bu kəmərlə 7 313 312 ton neft ötürülüb ki, bu da ötən ilin yanvar-mart aylarından 1,3% artıqdır. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il) 2016-cı il aprel ayının 1-nə qədər BTC-yə 299 988 701 ton neft vurulub.
Bundan başqa, 2016-cı ilin mart ayında BTC kəməri ilə 440 162 ton Türkmənistan nefti nəql olunub, bu göstərici ötən ilin müvafiq dövründən 47% artıqdır.
Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. BTC boru kəməri ilə Azərbaycandan əsasən "AÇG" nefti və "Şahdəniz" kondensatı daşınır.