Bakı. 18 iyul. REPORT.AZ/ Bakı-Batumi neft kəmərinin aralıq nasos stansiyasının Gürcüstandakı binasına mədəni irs abidəsi statusu verilib.
"Report"un Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bununla bağlı qərarı ölkənin Mədəni İrsin Qorunması üzrə Milli Agentliyinin direktoru Nikoloz Antidze imzalayıb.
Sözügedən stansiya Gürcüstanın qədim paytaxtı Mtsxeta şəhərində yerləşir.
Xatırladaq ki, Bakı-Batumi neft kəməri 1928-1930-cu illərdə tikilib. Onun layihəsini 1884-cü ildə rusiyalı akademik Vladimir Şuxov hazırlayıb. Aralıq nasos stansiyasının uzunluğu 33 metr, eni 17,5 metr, hündürlüyü 10,3 metr, ümumi sahəsi 424 kv.m. təşkil edir.