Yuxarı

Bakıda “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirilib

Prezident İlham Əliyev: “Bu gün neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır”

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirilib. “Report”un xəbərinə görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Prezident bildirib ki, bu gün Azərbaycanın həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür - “Cənub” qaz dəhlizinin təməli qoyulur: “Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

İyirmi sentyabr ölkəmiz üçün tarixi bir gündür. İyirmi il bundan əvvəl - 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalanıb. O, tarixi bir hadisə idi. Çünki gənc, müstəqil Azərbaycan dünyada o qədər də tanınan ölkə deyildi. Azərbaycan çox böyük problemlərlə üzləşmişdi. Erməni işğalı, vətəndaş müharibəsi, iqtisadi və siyasi böhran - bütün bu amillər ölkəmizin inkişafına böyük problemlər yaradırdı, böyük maneə idi.

Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan bu Mərkəzdə prezident Heydər Əliyevin fəaliyyətini bir daha yüksək qiymətləndiririk. Məhz onun uzaqgörənliyi, cəsarəti, müdrikliyi sayəsində “Əsrin kontraktı” imzalanıb. Beləliklə, Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranıb. Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa başlanıb. Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlayıb. Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə edib. Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz “Əsrin kontraktı”ndan başlayıb. Yeni neft strategiyamız 20 ildir ki, icra edilir. Ölkəmiz üçün böyük fayda gətirib. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirib. İlk dəfə olaraq o illərdə Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə neft kəmərləri birləşdirdi. Bu da tarixi nailiyyətdir. Deyə bilərəm ki, 1994-cü ildən başlayaraq bu günə qədər bütövlükdə neft-qaz sahəsində bir neçə önəmli mərhələ olub”.

Prezident İlham Əliyev vurğulayıb ki, enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir: “Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz hamımız tərəfdaşlarımızla iştirak edəcəyik. “Şahdəniz” qaz yatağı əsas resurs mənbəyidir. Ancaq Azərbaycanın qaz ehtiyatları daha da böyükdür. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,5 trilyon kubmetrə bərabərdir. Ehtimal olunan, proqnozlaşdırılan ehtiyatlarımız 4-5 trilyon kubmetr səviyyəsindədir.

Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Digər mənbələr var. Avropa o mənbələrdən qidalanır. O mənbələrin həcmi arta bilər, ancaq yeni mənbə hazırda Azərbaycandır. Enerji təhlükəsizliyi marşrutlarının şaxələndirilməsi, hasilatçı, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyəti əminəm ki, uğur gətirəcək. Çünki bu işlərdə çox ciddi əlaqələndirmə aparılmalıdır. Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır.

Mən hesab edirəm ki, bu gün bu sahədə - neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır. Qoy yolumuz açıq olsun!”

Mərasimdə Bolqarıstan prezidenti Rose Plevneliev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Yunanıstanın Baş naziri Antonis Samaras, Monteneqronun baş naziri Milo Cukanovic, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Albaniyanın energetika naziri Damian Giknuri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston, İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, bp şirkətinin baş icraçı direktoru Robert Dadli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev çıxış edib.

Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsen isə ölkəsinin baş naziri Erna Solberqin məktubunu oxuyub.

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn isə ABŞ dövlət katibi Azərbaycan prezidenti ilham Əliyevə ünvanladığı məktubu səsləndirib.

Mərasimdə, həmçinin Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun tədbir iştirakçılarına ünvanlanmış videomüraciəti nümayiş etdirilib.

Daha sonra dövlət və hökumət başçıları, digər rəsmi şəxslər “Cənub” qaz dəhlizinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün Səngəçal terminalına yollanıblar.

Azərbaycan prezidenti İlham Əliyev və təməlqoyma mərasiminin digər iştirakçıları rəmzi olaraq xüsusi qəliblərin üzərində əl izlərini qoyublar.

Sonra Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Yunanıstanın baş naziri Antonis Samaras, Bolqarıstan prezidenti Rosen Plevneliev, Albaniyanın energetika naziri Damian Giknuri, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun baş naziri Milo Cukanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar naziri Lord Livinqston, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, bp şirkətinin baş icraçı direktoru Robert Dadli, Azərbaycanın energetika naziri Natiq Əliyev və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev “Cənub” qaz dəhlizinin təməlinə qoyulacaq ilk borunu imzalayıblar.

Daha sonra “Cənub” qaz dəhlizinin təməli qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi