​"Bahar Energy" əməliyyat şirkətinə yeni səhmdar cəlb olunur

​"Bahar Energy" əməliyyat şirkətinə yeni səhmdar cəlb olunur Maliyyə problemləri ilə üzləşən "Baghlan Group"u yeni səhmdar əvəz edəcək
Energetika
28 Sentyabr , 2015 13:59
​Bahar Energy əməliyyat şirkətinə yeni səhmdar cəlb olunur

Bakı. 28 sentyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" neft-qaz yatağında aparılan qazma işləri 2016-cı ilin sonuna kimi dayandırılıb. "Report" xəbər verir ki, bunu layihənin iştirakçılarından olan "Greenfields Petroleum" şirkətinin prezidenti və icraçı direktoru Con V.Harkins bildirib.

Onun sözlərinə görə, 2014-cü ilin aprel ayından yatağın işlənməsi üzrə aparılan işlər yavaşlayıb və qazma işlərinin müvəqqəti dayandırılması qərara alınıb: "Şirkət bir sıra islahatlar aparıb, xərclər və işçilərin sayı azaldılıb. Yerli tərəfdaşdan birini dəyişdiririk".

C.Harkins qeyd edib ki, "Bahar" və "Qum dəniz" neft yataqlarının kəşfiyyatı, hasilatı və işlənməsi layihəsinin operatoru olan "Bahar Energy" əməliyyat şirkətinin səhmdarlarından biri olan "Baghlan Group"un yerinə başqa şirkətin qatılması üçün seçim aparılır. Onun sözlərinə görə, tərəfdaş şirkətin kifayət qədər maliyyə imkanları olmalıdır və bunun üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) razılığı alınmalıdır.

"Greenfields Petroleum"un rəhbəri layihənin yeni iştirakçısının ilin sonuna kimi elan olunacağını bildirib, həmçinin gələcək planlar haqqında danışıb: "Qum dəniz" yatağında tamamlama işləri görüləcək. "Bahar" yatağında 2D və 3D seysmik kəşfiyyat işləri aparılacaq, daha çox qaz hasilatı üçün işlər görüləcək".

Qeyd edək ki, 2009-cu ildə "Bahar-Qum dəniz" yataqlar blokunun kəşfiyyatı, hasilatı və işlənməsi üzrə SOCAR və "Bahar Energy Company" şirkətləri arasında 25 illik müqavilə imzalanıb. Müqaviləyə görə, SOCAR 20%, "Bahar Energy Company" 80% paya malikdir. "Bahar Energy Company"nin təsisçiləri isə "Baghlan Group", "Greenfield International" və "RAFI Oil" şirkətləridir.

Xatırladaq ki, 1968-ci ildə kəşf edilən "Bahar" qaz-kondensat yatağı Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir.

Son xəbərlər

Orphus sistemi