"Azneft" qaz təsərrüfatını yeniləyir

"Azneft" qaz təsərrüfatını yeniləyir Payız-qış mövsümündə təbii qaza olan təlabatını ödəmək məqsədilə kompressor qurğularına bir neçə dəfə texniki baxış keçirilib
Energetika
8 İyun , 2016 16:54
Azneft qaz təsərrüfatını yeniləyir

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarələrdə qaz təsərrüfatının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

"Report" SOCAR-a istinadən xəbər verir ki, aşağı təzyiqli səmt qazının yığılaraq itkisiz təhvil verilməsi məqsədi ilə müasir tipli vakuum kompressorları, qaz-su soyuducuları, turbin və kompressor qurğuları yeniləri ilə əvəz olunur.

Qeyd olunub ki, “Neft Daşları”ndakı 2346 saylı özüldə aşağı təzyiqli qaz-yığım sistemində istismar olunan 9 ədəd elektrik intiqallı vakuum kompressorunun 6 ədəd müasir tipli vintli kompressorla əvəz olunması istiqamətində aparılan işlər başa çatmaq üzrədir: "1799 saylı estakadayanı meydançada isə aşağı təzyiqli səmt qazının yığılmasında istismar olunan 8 ədəd elektrik intiqallı kompressor qurğusu 6 ədəd müasir tipli vintli kompressorla əvəz olunacaq. Bu məqsədlə layihələndirmə işləri görülür. Bununla yanaşı, “Neft Daşları”nın qaz-yığım sistemlərində istismar olunan 3 ədəd elektrik intiqallı kompressor əsaslı təmir olunaraq təhvil verilib. NQÇİ-nin qazlift və nəql sistemlərində istismar olunan 10 ədəd qazmühərrikli kompressor qurğusunun yay mövsümündə fasiləsiz və etibarlı istismarını təmin etmək məqsədi ilə 3 və 4 saylı kompressor stansiyalarının qaz-su soyuducuları yenidən qurularaq istismara verilib".

Məlumata görə, “28 May” NQÇİ-nin “Neft Daşları” sahəsində yerləşən 2 saylı sıxıcı kompressor stansiyasında istismar olunan qazturbin mühərriklərinin dayanıqlığını qorumaq məqsədilə 1 ədəd qazturbin mühərriki, 2 ədəd kompressor qurğusu əsaslı təmir edilib. “Günəşli” yatağındakı quyularda neft və qaz itkilərinin yaranmaması üçün “28 May” NQÇİ-nin qaz separasiya məntəqəsi və 2 saylı sıxıcı kompressor stansiyası arasında əlavə olaraq 500 millimetrlik 1100 metr uzunluğunda qaz xətti çəkilib, quyularda ştuser arxası təzyiqlərin aşağı salınmasına nail olunub.

"Həmçinin, ölkənin payız-qış mövsümündə təbii qaza olan təlabatını ödəmək məqsədi ilə “Qaz Anbarlarının İstismarı” idarəsində qazvurma mövsümü ərzində istismar olunan kompressor qurğularına bir neçə dəfə texniki baxış keçirilib, qazvurma prosesi daha da yaxşılaşdırılıb", - deyə qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi