Yuxarı

“Azneft”in idarələrində silsilə müşavirələr keçirilib

Silsilə müşavirələr Birliyin digər idarə və müəssisələrində  davam etdiriləcək

Bakı. 16 noyabr. REPORT.AZ/ “Azneft” İstehsalat Birliyinin rəhbərliyi 2015-ci ildə Birliyin idarə və müəssisələrində görülmüş işlərlə yaxından tanış olmaq üçün silsilə müşavirələr keçirib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu günə kimi Birliyin Qaz Anbarlarının İstismar İdarəsi, “28 May”, “Neft Daşları”, Ə.C. Əmirov və H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrində baş tutmuş müşavirələrdə cari il üzrə görülmüş işlərin ötən illərlə müqayisəli şəkildə hesabatları dinlənilib, əsas texniki-iqtisadi göstəricilər, əməyin mühafizəsi, yeni texnika və texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi, gənc kadrların yetişdirilməsi, həmçinin sosial sahədə qazanılmış uğurlardan danışılıb.

Qaz Anbarlarının İstismar İdarəsindəki müşavirə zamanı Qaradağ və Qalmaz yeraltı qaz anbarlarının istehsalat sahələrinə baxış keçirilib, cari vəziyyət yoxlanılıb, İdarənin hesabatı dinlənilib. Ə.C.Əmirov və H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrində keçirilən müşavirələrdə hesabatlar dinlənildikdən sonra hasilatın artırılması istiqamətində müzakirələr aparılıb. H.Z.Tağıyev adına NQÇİ-də hasilatın yüksəldilməsi məqsədilə quyularda yan lülənin qazılması məqsədəuyğun hesab edilib.

Ə.C.Əmirov adına NQÇİ-də bir sıra texnoloji avadanlıqların yenilənməsinin vacibliyi vurğulanıb, Birliyinin Baş direktoru Daşqın İskəndərov bu məsələnin həlli istiqamətində müvafiq göstərişlər verib. “28 May” NQÇİ-də keçirilmiş müşavirədə çıxış edən Birliyin Baş direktoru hasilatda ən böyük paya sahib bu idarədə görülən işləri yüksək qiymətləndirib, Qaz kompressor stansiyalarından səmərəli şəkildə istifadə olunmasının önəmindən danışıb, istehsalatda müasir tələblərə cavab verən yeni avadanlıq və texnologiyaların tətbiqinin davam etdiriləcəyini bildirib.

“Neft Daşları” NQÇİ-də keçirilmiş müşavirədə Birliyin Baş direktoru Daşqın İskəndərov yeni alınmış avadanlıqların istismarına nəzarətin gücləndirilməsini, istifadəyə yararlı avadanlıqların təkrar istifadəsinin faydalı ola biləcəyini vurğulayıb. O, müvafiq şöbələrə quyularda sulaşmanın qarşısının alınması üçün qabaqlayıcı tədbirlər planının hazırlanması tapşırığını verib.

Ümumiyyətlə, keçirilmiş müşavirələr zamanı Birliyin rəhbərliyi fəaliyyətsiz quyu fondundakı quyuların işlək fonda keçirilməsi üçün səylərin daha da artırılmasının vacibliyini vurğulayıb, Birliyin məhsuldarlığı artırmaq istiqamətində böyük potensiala malik olduğunu bildirib, qarşıda duran vəzifələrin icrasında gənc kadrların bilik və bacarğından istifadə edilməsinin vacibliyini vurğulayıb.

Silsilə müşavirələr Birliyin digər idarə və müəssisələrində də davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi