Yuxarı

"Azneft”in Neft və Qazçıxarma İdarəsinin elektrik təchizatı yenilənir

94 neft quyusunun hava elektrik xətti yeni kabel xətti ilə əvəzlənib

Bakı. 20 iyun. REPORT.AZ/ “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsində elektrik sisteminin yenilənməsi istiqamətində mühüm işlər həyata keçirilir.

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, istismar müddəti başa çatan elektrik şəbəkələrinin, paylayıcı qurğuların, komplekt transformator məntəqələrinin yenilənməsi, müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi yekunlaşmaq üzrədir. 

Belə ki, SOCAR-ın ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihələri əsasında “Neftqaztikinti” Trestinin 1 saylı Tikinti Quraşdırma Bölümü tərəfindən köhnə hava elektrik ötürücü xətləri kabel xətləri ilə əvəzlənib, güc transformatorları quraşdırılıb, yeni yarımstansiyalar tikilərək istismara verilib, 94 ədəd neft quyusunun hava elektrik xətti yeni kabel xətti ilə əvəz olunub. 1 və 7 saylı neftyığma məntəqələrinin, bir neçə inzibati və operator binalarının elektrik təchizatı yeni quraşdırılmış şəbəkəyə qoşulub. Neft və qazçıxarma sahələrində müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş 10 ədəd yarımstansiya tikilib, 1 ədəd transformator məntəqəsi quraşdırılıb. 

Elektrik sisteminin yenidənqurulması məqsədilə hazırda “Azərişıq” ASC-ilə birlikdə 2 kV-luq elektrik şəbəkəsi 6 kV-luq elektrik şəbəkəsi ilə əvəzlənir. Tikinti-quraşdırma işlərinin cari ilin birinci yarısında başa çatması nəzərdə tutulur. NQÇİ-də elektrik enerjisinə tələbatın artması və avadanlıqların normal elektrik enerjisi ilə təminatı nəzərə alınaraq, “Azərişıq”ASC tərəfindən 510 saylı yarımstansiyada 1 ədəd 1800 kVA gücündə 35/2 kV-luq güc transformatoru 1 ədəd 4000 kVA gücündə 35/6 kV-luq güc transformatoru ilə əvəz olunub, nəticədə 7 ədəd yarımstansiyaya normal rejimdə gərginliyin verilməsi təmin edilib. 

Bundan başqa, NQÇİ-nin elektrik təchizatının dayanıqlılığını və etibarlılığını təmin etmək məqsədilə “Azərişıq” ASC tərəfindən 517 saylı yarımstansiyanın 35 kV-luq şəbəkəsinin yenidən qurulması planlaşdırılır. Həmçinin, 3 ədəd yarımstansiyanın, 1 ədəd transformator məntəqəsinin və onlardan qidalanacaq obyektlərin yenilənməsi üzrə işlər də qrafikə uyğun davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi