“Azneft” hasilatın artırılması üçün yeni özüllər inşa edib qazmanı genişləndirəcək

“Azneft” hasilatın artırılması üçün yeni özüllər inşa edib qazmanı genişləndirəcək Hasilatın stabil saxlanması və artırılması üçün yeni texnologiyaların geniş tətbiqi nəzərdə tutulur
Energetika
6 İyun , 2017 12:28
“Azneft” hasilatın artırılması üçün yeni özüllər inşa edib qazmanı genişləndirəcək

Bakı. 6 iyun. REPORT.AZ/ Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin əsas məqsədlərindən olan hasilatın artırılması üçün yeni özüllərin tikilməsi və qazmanın genişləndirilməsi olacaq.

“Report” xəbər verir ki, bunu “Azneft”in baş direktoru Daşqın İskəndərov “Caspian Energy” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hasilatın artırılması əsasən yüksək perspektivli yataqlarda – “Günəşli” (dayazsulu), “Bulla-dəniz”, “Qərbi Abşeron” kimi yataqlarda qazma işlərinin davam etdirilməsi, yeni özüllərin tikintisi (“Bulla-dəniz” yatağında 12 saylı, “Neft Daşları” yatağında 620 saylı, “Qərbi Abşeron” yatağında 10 və 54 saylı) və yeni quyuların qazılmasına başlanılması, keçici fond quyuları üzərində geoloji-texniki tədbirlərin davam etdirilməsi, fəaliyyətsiz fond quyularının bərpası hesabına olacaq.

“Bundan başqa, quruda və dənizdə infrastrukturun modernləşdirilməsi sürətlə davam etdirilir. Xəzər dənizində əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsinə dair götürülmüş əsas öhdəliyin bir hissəsi kimi hasilatın sabitləşdirilməsinə yönəlmiş səylər davam etdiriləcək. Hasilatın stabil saxlanması və artırılması üçün yeni texnologiyaların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə parafin çökməsinə qarşı həlledici üsul kimi yerli istehsalın tullantısı olan pirolizin yüngül qətranının tətbiqinin davam etdirilməsi, lift boruların təmizlənməsi üçün “padus qurğularının” istifadəsi genişləndirilməsi planlaşdırılır”,- deyə D.İskəndərov qeyd edib.

"Azneft"in baş direktoru vurğulayıb ki, bunlar hasilatın sabitləşdirilməsi və neft veriminin artırılması istiqamətində atılmış addımlar olacaq. O, həmçinin əlavə edib ki, eyni zamanda uzun müddət istismarda olan yataqlardakı köhnə quyuların neft verimini artırmaq məqsədilə yan lülə kəsilişi ilə qalma üsulundan istifadə nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi