“Azneft”də payız-qış mövsümünə hazırlıq müzakirə olunub

“Azneft”də payız-qış mövsümünə hazırlıq müzakirə olunub İclasda çatışmazlıqlar və problemlər müzakirə edilib, onların aradan qaldırılmasına dair müvafiq göstərişlər verilib
Energetika
3 Noyabr , 2016 14:54
“Azneft”də payız-qış mövsümünə hazırlıq müzakirə olunub

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ''Azneft'' İstehsalat Birliyində (İB) Birlik rəhbərliyi, baş mütəxəssislər və struktur təşkilatların rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıqla əlaqədar iclas keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, iclası İB-nin baş direktoru Daşqın İskəndərov açaraq ötən müddətdə görülən işlər barədə danışıb. D.İskəndərov dəniz istehsalat obyektlərində tədqiqat işlərinin tam yekunlaşdığını və nəticəsinin təhlil edilərək müvafiq tapşırıqlar verildiyini qeyd edib. Baş direktor payız-qış mövsümünə keçidlə bağlı bütün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini bildirib, təhlükəsizlik tədbirlərinin zəruriliyini vurğulayıb. 

Sonra Birliyin neftin, qazın hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəisi Saday Nəsibov 2016-2017-ci illər payız-qış mövsümünə hazırlığının vəziyyəti haqqında danışaraq işlərin müəyyən olunmuş qrafik üzrə aparıldığını, mövcud çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüldüyünü, hazırlıq işlərinin gedişatı ilə bağlı ciddi bir çatışmazlığın olmadığını bildirib. 

Qeyd edilib ki, mövsümə hazırlıqla əlaqədar boru kəmərlərinin və atqı xətlərinin torpaqlanması və təmiri, neft-qaz, su və sıxılmış hava xətlərinin saz vəziyyətə gətirilməsi, kompressor stansiyalarının çıxış xətlərinin donmaya qarşı istilik örtükləri ilə mühafizəsi, elektrik ötürücü xətlərinin tarımlığının yoxlanılması və təmiri, istismara yararsız elektrik dirəklərinin dəyişdirilməsi, istilik xətlərinin təmiri, mədəndaxili yolların təmiri, istehsalat binaları və fəhlə evciklərinin, yataqxanaların təmiri, neftvurma nasoslarının təftişi və təmiri işləri həyata keçirilib. 

Hesabat müzakirə olunduqdan sonra baş direktor D.İskəndərov mövsümə hazırlıqla bağlı görüləcək işlərin də ən qısa zamanda başa çatdırılmalı olduğunu qeyd edib, sazlama aparılan zaman işin keyfiyyətinə ciddi nəzarət olunmasının, eləcə də işçilərin təhlükəsizliyinin hər şeydən vacib olduğunu bildirib. İclasda çatışmazlıqlar və problemlər müzakirə edilib, onların aradan qaldırılmasına dair müvafiq göstərişlər verilib. 

Son xəbərlər

Orphus sistemi