Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft“ İstehsalat Birliyində 9 ay ərzində əməyin mühafizəsi sahəsində görülmüş işlər haqqında iclas keçirilib.
“Report”a Birlikdən verilən məlumata görə, görüşdə baş direktorun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov, əməyin mühafizəsi xidmətlərinin rəhbər və mühəndis texniki işçiləri iştirak ediblər.
C.Səmədov cari ilin ötən dövrü ərzində əməyin mühafizəsi sahəsində görülmüş qabaqlayıcı tədbirlər haqqında məlumat verib və qarşıda duran vəzifələrdən danışıb.
C.Səmədov neft və qaz çıxarma sahələrində çalışan işçilərin mütəmadi maarifləndirilməsinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, əsas məqsəd heç bir bədbəxt hadisəyə rəvac verməməkdir.
Sonra əməyin mühafizəsi şöbəsinin rəisi Mübariz Şamilov 2017-ci ilin doqquz ayı ərzində Birliyin təşkilatlarının istehsalat obyektlərində əməyin mühafizəsi sahəsində görülmüş işlərdən söz açıb, həyata keçirilmiş qabaqlayıcı tədbirlər haqqında məlumat verib və tətbiq olunan yeniliklərdən bəhs edib.
İclasda bütün neft-qaz çıxarma sahələrində əməyin təhlükəsizliyi üzrə mütəmadi olaraq maarifləndirmə işlərinin aparılmasının, təhlükəsiz iş üsullarının öyrədilməsi istiqamətində kurs və təlimlərin təşkilinin, eləcə də bu sahələrdə iş icra edən kənar təşkilatların işlərinə ciddi nəzarətin vacibliyi vurğulanıb.
Tədbirin sonunda C.Səmədov əməyin mühafizəsi sahəsində görülən işlər barədə tapşırıq və tövsiyələrini verib.