"Azneft"də 2017-ci ilin iş proqramı müzakirə olunub

"Azneft"də 2017-ci ilin iş proqramı müzakirə olunub Gələn il "Bulla-dəniz" yatağında seysmik-kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur
Energetika
23 İyun , 2016 13:23
Azneftdə 2017-ci ilin iş proqramı müzakirə olunub

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində 2017-ci ilin iş proqramına dair iclas keçirilib. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Birliyin baş direktorunun müavini, baş geoloq Ədalət Eminov fəaliyyətsiz quyu fondu üzərində aparılacaq tədbirlər, hasilatın düşmə tempinin qarşısının alınması istiqamətində atılacaq addımlar, 2017-ci il ərzində aparılacaq kəşfiyyat işləri haqqında məlumat verib.

Ə.Eminov bildirib ki, cari ilin sonuna kimi “Qoşadaş” strukturunda kəşfiyyat işlərinin yekunlaşdırılması, müsbət nəticə əldə edilərsə, qazma işlərinə başlanılması, eləcə də gələn il “Bulla-dəniz” yatağında seysmik-kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur.

Baş direktorun birinci müavini, baş mühəndis Balamirzə Ağarəhimov, baş direktorun müavinləri Rüstəm Zeynalov, Əlimusa Quliyev, Namiq Aslanov, Cəlair Səmədov, Birliyinin İqtisadiyyat və uçot İdarəsinin rəisi Mərdan Əlizadə və digərləri çıxış edərək hasilatın stabilləşdirilməsi sahəsində görüləcək işlərdən, qarşıya qoyulmuş tapşırıqların icrasından, tətbiq ediləcək yeni texnologiyalardan, proqnozlaşdırılan kapital qoyuluşları, təchizat və tikinti işlərindən, istehsalat obyektlərində əməyin mühafizəsi sahəsində görüləcək tədbirlərdən söz açıblar.

Bildirilib ki, 2017-ci il ərzində 88 yeni quyunun qazılması, 89 quyuda qazma işlərinin başa çatdırılması, 45 yeni obyektin istismara verilməsi nəzərdə tutulur.

Birliyin baş direktoru Daşqın İskəndərov iclasa yekun vuraraq, iş proqramının daha da təkmilləşdirilməsi üzrə tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi