"Azneft" bu il plandan 3% artıq qaz hasil edib

"Azneft" bu il plandan 3% artıq qaz hasil edib Yeni quyulardan 14 min ton neft hasil edilib
Energetika
20 May , 2016 17:17
Azneft bu il plandan 3% artıq qaz hasil edib

Bakı. 20 may. REPORT.AZ/ "Bu ilin yanvar-aprel ayları ərzində “Azneft” İstehsalat Birliyi neft və qaz hasilatının düşmə tempinin qarşısını alıb və qarşıya qoyulan hədəfə çatıb. Ümumilikdə 4 ay ərzində neft sənayesinin inkişafı üçün nəzərdə tutulan proqnoz tapşırıqlara tam əməl olunub". Bu barədə "Report"a İstehsalat Birliyindən məlumat verilib.

"Bu ilin dörd ayı ərzində “Azneft”in bütün idarə və struktur birləşmələrində qarşıya qoyulmuş işlər uğurla yerinə yetirilib. Cari ilin ötən dövrü ərzində yeni özüllərin istismara verilməsi, hasilatın artırılması, gənc kadrların inkişaf etdirilməsi, yeni texnologiyaların mənimsənilməsi kimi məsələlər Birliyin fəaliyyətində prioritet olub", - deyə qurumdan qeyd edilib.

Hesabat dövründə İB üzrə 2,086 mln. ton plan-tapşırığına qarşı 2,091 mln. ton neft hasil edilərək plana 100,2% əməl olunub. 2016-cı ilin müvafiq dövrü ərzində 1,391 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm faktiki olaraq 1,437 mlrd. kubmetri üstələyib və plan 103,3% yerinə yetirilib.

Qurumdan qeyd edilib ki, ötən 4 ayda fəaliyyətsiz quyu fondundan 44 quyu istismara qaytarılıb. Bu quyulardan 3 015 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 11 215 ton neft alınıb ki, bu da plandan təxminən 4 dəfə çoxdur.

Məlumata görə, ilin əvvəlindən 162 geoloji tədbir keçirilib, nəticədə 16 785 ton neft hasil edilib ki, bu da plana qarşı 30 tədbir çox və 498 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 9 479 ton plana qarşı 12 302 ton neft hasil edilib: "Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Həyata keçirilmiş qazma işləri nəticəsində ilin ilk 4 ayı ərzində “Azneft”in sifarişi əsasında 16 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 14 081 ton neft hasil edilib".

Son xəbərlər

Orphus sistemi