"Azərişıq" və "Azərenerji" ikigünlük qanvermə aksiyasına başladı

"Azərişıq" və "Azərenerji" ikigünlük qanvermə aksiyasına başladı Azərişıq və Azərenerji ASC-lər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünə qatılaraq birgə qanvermə aksiyası keçiriblər.
Energetika
14 Aprel , 2020 15:13
Azərişıq və Azərenerji ikigünlük qanvermə aksiyasına başladı

"Azərişıq" və "Azərenerji" ASC-lər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünə qatılaraq birgə qanvermə aksiyası keçiriblər. 

"Report" xəbər verir ki, aksiya iki gün davam edəcək.

Məlumata görə, iki gün ərzində qanvermədə karantin qaydalarına uyğunluq saxlanmaq şərti ilə hər iki qurumun 2 000-dən artıq əməkdaşının iştirak edəcəyi gözlənilir.

Təşkilatçıların məlumatına əsasən, aksiyanın ilk saatlarında 500-ə yaxın adam qatılıb.

Qeyd edək ki, Birinci vitse-prezidentin təşəbbüsü ilə qanvermə aksiyası ilk olaraq Heydər Əliyev Mərkəzində keçirilib. Aksiyada 100-lərlə könüllü iştirak edib.

Birinci vitse-prezident qan verən könüllülərə təşəkkürünü bildirib. O, bununla bağlı öz "Instagram” profilindən paylaşım edib.

O, könüllü qan verənlərə səslənərək bunları yazıb:

"Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir. Bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı hər birimizə ancaq qürur hissi yaşadır.

İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən keçirilmiş qanvermə aksiyasında könüllü olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkürümü bildirirəm.

Siz bu nəcib əməlinizlə bir insan həyatının xilaskarı olursunuz. Bu, ən yüksək qiymətə layiqdir! Əminəm ki, sizin təşəbbüsünüz bu məsələyə laqeyd yanaşmayan və ölkəmizin yaxşılıq etməyə hazır olan bütün vətəndaşları tərəfindən dəstəklənəcəkdir! Çox sağ olun!”

Son xəbərlər

Orphus sistemi