“Azərişıq” jurnalistlər üçün seminar keçirib

“Azərişıq” jurnalistlər üçün seminar keçirib Seminarda müxtəlif KİV-ləri təmsil edən 30-a qədər jurnalist iştirak edib
Energetika
27 Noyabr , 2017 20:49
“Azərişıq” jurnalistlər üçün seminar keçirib

Bakı. 27 noyabr. REPORT.AZ/ “Azərişıq” ASC-nin Tədris Mərkəzində media nümayəndələri üçün “Azərişıq - Azərbaycan paylayıcı elektrik şəbəkələri” mövzusunda ikigünlük seminar keçirilib.

“Report”xəbər verir ki, seminarın keçirilməsində əsas məqsəd “Azərişığ”ın fəaliyyəti və onun həyata keçirdiyi işlər – paylayıcı elektrik şəbəkələri, mövcud yarımstansiyalar, elektrik verilişi xətləri, perspektiv inkişaf və s. haqda KİV nümayəndələrini məlumatlandırmaqdır.

Qurumun İnsan resursları departamentinin direktoru Xalid Təhməzov deyib ki, media nümayəndələri ilə “Azərişıq” arasında münasibətlər yüksək səviyyədədir:

“Azərişıq” daim mətbuatla münasibətlərini şəffaf qurub, bu tədbir də növbəti belə layihələrdən biridir. Məqsəd elektroenergetikadan yazan KİV nümayəndələrinə “Azərişıq” haqda, onun fəaliyyət spesifikası mövzusunda daha ətraflı və xüsusi bir formatda bilgi verməkdir. Eyni zamanda dövlət təşkilatlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması medianın mühüm vəzifələrindəndir. Seminar mətbuat nümayəndələrinin fəaliyyətinə böyük kömək göstərəcək”.

Seminarda “Azərşıq” ASC-nin əməkdaşları mətbuat nümayəndələrinə elektroenergetika sisteminin tərkib hissəsi olan paylayıcı şəbəkə, yarımstansiyalar avadanlıqlar, elektrik verilişi xətləri haqda məlumat verib, səhmdar cəmiyyətin perspektiv fəaliyyətindən danışıblar.

Mətbuat nümayəndələri Tədris Mərkəzində Azərbaycan elektroenergetikasının tarixi haqda müəyyən bilgilər aldıqdan sonra Binəqədi rayonunda yerləşən 1914-cü ildə tikilmiş, 2009-cu ildə bazasında yaradılmış “Yarımstansiya-Muzey”ə ekskursiya ediblər.

Seminarın ikinci günündə isə məruzəçilər tərəfindən elektrik enerjisinin uçotunun qurulması və istehlakına nəzarət, elektrik sayğacları, smart-sistemlər, paylayıcı qurğular və sair haqda KİV nümayəndələrinə məlumat verilib. Günün sonunda “Azərşıq” ASC-nin 110 kilovoltluq yarımstansiyalarından biri olan MDB məkanında eleqaz izolyasiyalı avadanlıqları ilə yaradılmış ilk qapalı “İçərişəhər” yarımstansiyasına ekskursiya təşkil olunub.

Seminarda müxtəlif KİV-ləri təmsil edən 30-a qədər jurnalist iştirak edib.

Son xəbərlər

Orphus sistemi