Bərdənin Mehdili kəndində elektrik şəbəkəsinin yenidən qurulmasına başlanılıb.
Bu barədə “Report”a "Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib.
Onun sözlərinə görə, 320 abunəçisi olan kənddə elektrik şəbəkələrinin istismar müddəti keçib, onların yenidən qurulması zərurəti yaranıb. Kənddə elektrik enerji sistemini yenidən qurmaq məqsədi ilə dayaqlar, elektrik verilişi xətləri yenilənir, komplekt tarnsfarmator mətənqələri quraşdırlır. İşlər başa çatdıqdan sonra istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq və elektrik enerjisi itkilərinin qarşısı alınacaq.
Həmçinin 1980-ci ildə istifadəyə verilmiş 35/10 kv-luq “Yeni Həyat” yarımstansiyasında da yenidənqurma işləri aparılır. Yarımstansiya Yeni Daşkənd, Şatırlı, Kürdborakı, Nazırlı, Qazaxlar, Hacılı kəndlərini və bir Hərbi hissəni elektrik enerjisi ilə təchiz edir.