"Azərişıq" ADB-dən aldığı kreditlə tender elan edib

"Azərişıq" ADB-dən aldığı kreditlə tender elan edib Tender təklifləri iddiaçıların təkliflərinin son təqdim etmə tarixindən dərhal sonra açılacaq
Energetika
18 İyun , 2016 13:28
Azərişıq ADB-dən aldığı kreditlə tender elan edib

Bakı. 18 iyun. REPORT.AZ/ “Azərişıq” ASC Asiya İnkişaf Bankının (ADB) maliyyələşdirdiyi “Elektrik paylayıcı şəbəkənin yenidən qurulması”na dair İnvestisiya Proqramı çərçivəsində iki lot üzrə tender elan edib. “Report” xəbər verir ki, iddiaçılar 600 manat məbləğində geri ödənməyən iştirak haqqı ödəməlidir.

“Azərişıq”, sifarişçi olaraq Cənub RETSİ-də 110 kV və 35 kV xətlərin (Qurğu), o cümlədən Lot-1 üzrə 110 kV-liq Neftçala y/s-dan 110 kV xətlərin (2 x 37 km), lot-2 üzrə 35 kV-liq Alvadı y/s-dan 35 kV xətlərin (2 x 5,35km), 35 kV-liq Sapnakaran y/s-dan 35 kV xətlərin (2 x 1,2 km), 35 kV-liq Pirsaat y/s-dan 35 kV xətlərin (2 x 14,6 km) layihələndirilməsi, təchizatı və quraşdırılması üçün elan etdiyi müsabiqdə iddiaçılar tender sənədlərində müəyyən edildiyi kimi bir və ya hər iki lot üzrə iştirak edə bilərlər. Tender təkliflərinin təqdim edilməsi üçün son tarix iyulun 15-i saat 16:00 müəyyən edilib və tikinti müddəti 365 gündür.

Həmçinin, “Azərişıq” iddaçının seçiminə uyğun olaraq tender sənədlərinin kuryer vasitəsi ilə çatdırılması üçün əlavə 150 manat pul tələb edir.

Lot-1 üzrə 110 kV xətlərinin layihələndirilməsi, təchizatı və quraşdırılması ilə bağlı tenderdə iştirak etmək istən iddaçıların son 3 ildə minimal orta illik tikinti dövriyyəsi 15,9 mln. ABŞ dolları olmalıdır. Həmçinin, cari müqavilə öhdəliklərinin və bu müqavilə üzrə tələblərin yerinə yetirilməsi məqsədi ilə iddiaçı 2,65 mln. dollar məbləğində nəğd pul vəsaitinə malik olmalıdır.

Son 5 il ərzində iddiaçı iştirak payı hər biri üçün 6,36 mln. dollardan artıq olan, uğurla başa çatmış və ya əhəmiyyətli dərəcədə tamamlanmış ən azı bir oxşar müqavilədə iştirak etməlidir.

Lot-2 üzrə 35 kV xətlərin layihələndirilməsi, təchizatı və quraşdırılması ilə bağlı müsabiqədə iştirak etmək istəyən şirkətlər də bir sıra əlavə üstünlüklərə malik olmalıdır.

Şərtlərə görə, iddiaçılar son 3 il ərzində minimal orta illik tikinti dövriyyəsi 5,92 mln. dollar, cari müqavilə öhdəliklərinin və bu müqavilə üzrə tələblərin yerinə yetirilməsi məqsədi ilə 0,99 mln. dollar məbləğində nəğd pul vəsaitinə malik olduğunu nümayiş etdirməlidir. Bundan əlavə lot-2-nin iştirakçısı olmaq istəyən hüquqi şəxs son 5 ildə İddiaçının iştirak payı hər biri üçün 2,37 mln. dollardan artıq olan, uğurla başa çatmış və ya əhəmiyyətli dərəcədə tamamlanmış ən azı bir oxşar müqavilədə iştirak etməlidir.

Bundan əlavə, 110 kV xətlərin layihələndirilməsi, təchizatı və quraşdırılması ilə həmin lot üzrə 35 kV xətlərin layihələndirilməsi, təchizatı və quraşdırılması layihələrində birlikdə iştirak etmək istəyən iddaçılar son 3 il ərzində minimal orta illik tikinti dövriyyəsi 21,82 mln. dollar cari müqavilə öhdəliklərinin və bu müqavilə üzrə tələblərin yerinə yetirilməsi məqsədi ilə iddiaçı 3,64 mln. ABŞ dolları məbləğində nəğd pul vəsaitinə malik olduğunu nümayiş etdirməlidir. Həmçinin son 5 il ərzində İddiaçının iştirak payı hər biri üçün 8,73 mln ABŞ dollarından artıq olan, uğurla başa çatmış və ya əhəmiyyətli dərəcədə tamamlanmış ən azı bir oxşar müqavilədə iştirak etməlidir.

Tender təklifləri iddiaçıların nümayəndələrinin iştirakı ilə təkliflərin son təqdim etmə tarixindən dərhal sonra açılacaq.

Qeyd edək ki, “Elektrik paylayıcı şəbəkənin yenidən qurulması”na dair İnvestisiya Proqramının birinci tranşının maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan ADB-yə müraciət edib. Ötən il mayın 5-də Bankın Rəhbərlər Şurasının Bakıda keçirilən 48-ci İllik Toplantısı zamanı ADB ilə Azərbaycan hökuməti arasında "Azərişıq" ASC-nin fəaliyyətinin yaxşılaşdırılması üçün dəyəri 1 mlrd. ABŞ dolları olan investisiya müqaviləsi imzalanıb. Memorandumun şərtlərinə görə, ayrılacaq 1 mlrd. dollar investisiyanın 25%-ni Azərbaycan hökuməti, 75%-ni ADB təmin edəcək.

Son xəbərlər

Orphus sistemi