Yuxarı

​"Azərişıq" 7 regionda idarəetmə mərkəzi yaradıb

Bununla yanaşı 18 rayonda yeni ofislərin tikintisinə başlanıldığı bildirilir

Bakı. 9 dekabr. REPORT.AZ/ Qısa müddət ərzində "Azərişıq" ASC-nin 7 regional idarəetmə strukturu formalaşdırılıb. Bu, Bakı, Şimal, Şimal-Qərb, Qərb, Cənub, Aran, Mərkəzi Aran Regional Enerji Təhcizatı və Satışı idarələridir. Bu barədə "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

“Azərişıq” yerlərdə əməkdaşlarının keyfiyyətli xidmət göstərməsi üçün iş şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi tədbirlər görür. İlk olaraq əmək fəaliyyətinin təhlükəsizliyi üçün işçilər uniformalarla təmin edilib. Onların fəaliyyət sahəsinə və qəza yerlərinə tez yetişmələri üçün 100-dən artıq Almaniya və Yaponiya istehsalı olan komfortlu avtomobillər RETSİ-lər üzrə paylanıb. Yaxın vaxtlarda bu avtomobillərin sayı 200-ə çatdırılacaq", - deyə şirkətdən bildirilib.

Bununla yanaşı, 18 rayonda yeni ofislərin tikintisinə başlanıldığı da açıqlanıb. Artıq onlardan yarısı başa çatdırılmaq üzrədir. Gəncə, Ağsu, Ucar, Coranboy, Sabirabad, Cəlilabad elektrik şəbəkələri üçün tikilmiş ofis binaları artıq istifadəyə verilib. Ofis binalarının yerləşdiyi sahələr mərkəzlərin görkəmli hissəsində və hərəkət qovşaqlarının optimal bölümündədir. İki mərtəbəli ofis binaları “Azərişıq” ASC-nin bütün rayonlar üçün nəzərdə tutulmuş ümumi standarta uyğun tikilərək başa çatdırılıb. 

"Ofis binasında elektrik şəbəkənin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb, ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nailiyyətlər tətbiq edilib. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb", - deyə ASC-də qeyd ediblər.

"Azərişıq" tezliklə daha 8 rayonda analoji ofis binaları tikilib başa çatdırılacağını bəyan edib: "Qarşıdakı illərdə isə bütün rayonlarda bu cür yeni tipli ofislər tikilərək əməkdaşların ixtiyarına veriləcək. Bu ofislər əsasən eyni tipli olsa da bəzi regionlarda yerli memarlıq xüsusiyyəti də nəzərə alınıb. Məsələn, bu yaxınlarda tikintisi başa çatdırılmış Gəncə şəhərindəki 35 kV-luq yarımstansiya binasının dizayn xüsusiyyətlərində yerli memarlığın bütün cəhətləri nəzarə alınıb. Həm qədim, həm də müasir memarlıq incilərini özündə cəmləşdirən yeni binada ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nailiyyətlər tətbiq edilib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi