Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi "Açıq mikrofon" aksiyası çərçivəsindəTovuz rayonunda sahibkarlarla görüş keçirib.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Görüşdə iştirak edən sahibkarlardan biri Səlahəddin Rzayev deyib: "Dilimizdən iltizam verərək istehlak etdiyimiz təbii qaza görə yaranan borcu hissə-hissə ödəməyimiz üçün bizə şərait yaratmağınızı sizdən xahiş edirik".
Çörək istehsalı ilə məşğul olan Məhəmməd Bağırov bəzi hallarda qaz təzyiqinin aşağı olduğunu qeyd edib. Digər çıxış edən sahibkarlar da ötən il və cari il ərzində yaranan borcun ödənilməsində onlara güzəştlərin olunmasını xahiş ediblər.
İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev ötən ilin avqust ayından etibarən start verilən aksiyanın bu gün ümumilikdə 44-cü dəfə, sahibkarlarla isə sayca 20-ci dəfə təşkil olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şöbə rəisi sahibkarların ünvanladığı sualları cavablandıraraq onları narahat edən məsələlərə aydınlıq gətirib.
Görüşə Tovuz rayonunun Qəribli kəndindən qatılan Afiq Musayev bu kəndin qazlaşdırılmasını "Azəriqaz"ın rəhbər şəxslərindən xahiş edib. Görüşdə İstehsalat Birliyinin digər məsul şəxləri ilə yanaşı, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də sahibkarlar və sakinlərin ünvanladığı sualları cavablandırıblar.
Bildirilib ki, "Azəriqaz" sahibkarlıq subyektlərinə lazımi dəstəyi əsirgəmir. Bu görüş zamanı da ünvanlanan bütün müraciətlər İstehsalat Birliyinin rəhbərinə təqdim olunacaq.






