Xəbər verdiyimiz kimi, dekabrın 10-da ölkə ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik və Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb.
"Report" xəbər verir ki, 5 minə yaxın abonent hələ də problemin həllini gözləməkdədir.
"Azəriqaz" İstehsalat Birliyi isə qəza-bərpa xidmətinin əməkdaşlarını qeyd olunan rayonlara ezam edərək problemin həllinə çalışır. Buna səbəb kimi kəskin hava şəraiti göstərilir.
Qurumun dediyi kimi, 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqlar hələ bu ilin sentyabrında başlasa da, dekabrın əvvəlində qaz təchizatında ilkin problemlər vəziyyətin qənaətbəxş olmadığını göstərir. Qaz təchizatındakı fasilənin daha çox kəndi əhatə edəcəyini təsəvvür etsək, bu nəticə ortaya çıxır ki, havanın soyuyacağı, qar yağacağına dair proqnozlar da tam nəzərə alınmayıb. Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin qeyri-sabit keçəcəyi xəbərdarlığına baxmayaraq, ölkə üzrə 5 rayonun bəzi kəndləri qazsız qalıb.
Qurumdan bu məsələ ilə bağlı bildirilib: “Qəza-bərpa xidmətinin əməkdaşları problem olan ərazilərə cəlb olunub. Abonentlərin qazla təminatı istiqamətində işlər sürətlə davam etdirilir”.