“Azəriqaz” rəsmiləri Göyçay sahibkarlarının problemlərini dinləyib

“Azəriqaz” rəsmiləri Göyçay sahibkarlarının problemlərini dinləyib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində Göyçay rayonunda sahibkarlarla görüş keçirib.
Energetika
2 Mart , 2022 17:04
“Azəriqaz” rəsmiləri Göyçay sahibkarlarının problemlərini dinləyib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Açıq mikrofon” aksiyası çərçivəsində Göyçay rayonunda sahibkarlarla görüş keçirib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, görüşdən iş adamları ilə yanaşı, sakinlər də yararlanıb.

Belə ki, İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, görüşün məqsədi ölkə üzrə sahibkarlığın inkişafı üçün lazımi dəstəyin verilməsi, sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında onlara yardım edilməsidir. O, aksiya iştirakçılarını fəal olmağa, onları narahat edən məsələləri açıq şəkildə bildirməyə çağırıb.

Restoran fəaliyyəti ilə məşğul olan Rauf Məmmədov dövri yoxlama müddəti çatan sayğacın dövlət yoxlanmasına aparılan zaman yerinə dəmir ötürücü deyil, müvəqqəti sayğacın quraşdırılmasını xahiş edib. Hər zaman olduğu kimi "Səyyar qəbul otağı"nın imkanlarından istifadə etmək üçün sahibkarlarla yanaşı, sakinlər də aksiyaya böyük maraq göstəriblər.

Çıxış edən Bayram Vəliyev məcburi köçkünlərin məskunlaşdığı yataqxanada istehlak etdikləri təbii qazın sərfiyyatına görə yaranan borcun araşdırılmasını xahiş edib. Birliyin rəhbər şəxsləri məsələ ilə bağlı yerindəcə izahatlar verərək, bu problemin yaxından araşdırılması üçün vətəndaşları Ağsu Regional qaz istismarı İdarəsinin Göyçay xidmət sahəsinə dəvət ediblər.

Bundan başqa aksiyaya üz tutan bir neçə Vətən müharibəsi iştirakçısı "Azəriqaz"da işlə təmin olunmaları ilə bağlı müraciətlərinin rəhbərliyə çatdırılmasını xahiş ediblər. Ünvanlanan hər bir müraciət qeydiyyata alınıb.

Aksiyada Göyçay Rayon İcra Hakimiyyətinin, həbelə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər. Onlar da daxil olan müraciətlərlə bağlı səlahiyyətləri çərçivəsində köməklik etməyə hazır olduqlarını vurğulayıblar.

Bu gün təşkil olunan aksiya ümumilikdə 46-cı, sahibkarlarla isə 22-ci görüşdür.

Son xəbərlər

Orphus sistemi