“Bu il bizim media ilə birgə fəaliyyətimiz uğurlu nəticələrə gətirib çıxarıb. Fərqi yoxdur bizimlə hansı formada çalışıblar, ya bizi tənqidi formada işıqlandırıblar və yaxud da bizim işlərimizi piyar kimi özləri nümayiş etdirib. Bizim üçün bu fərq etmir, önəmi ondan ibarətdir ki, medianın bu gün “Azəriqaz” İstehsalat Birliyinə marağı var və qurumda baş verən hadisələri onlar ictimailəşdirirlər”.
“Report”un məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı öncəsi media nümayəndələri ilə görüşdə bildirib.
Baş direktor ən böyük zəhmətin mətbuat nümayəndələrinin üzərinə düşdüyünü vurğulayıb. R. Əliyev “Azəriqaz”ın KİV nümayəndələri üçün xəbər əlçatanlılığını təmin etməyi də daim diqqət mərkəzində saxladığını qeyd edib.
Daha sonra İstehsalat Birliyinin fəaliyyətinin geniş auditoriyaya çatdırılması, işıqlandırılması istiqamətində gördüyü işlərə görə bir sıra media qurumlarını qurumun rəhbəri diplom və hədiyyə ilə mükafatlandırıb.
R. Əliyev şərəfli peşənin nümayəndələrinə işlərində yaradıcılıq uğurları arzulayıb. Baş direktor qaz təchizatı ilə bağlı yarana biləcək sualların birbaşa istehalat Birliyinin rəhbərliyinin cavablandırması üçün bütün şərait yaratdığını qeyd edərək KİV nümayəndələrini keçirilən görüşlərdə aktiv iştirak etməyə çağırıb.
“Azəriqaz”ın mükafat və diplomla təltif etdiyi media qurumlarının arasında “Report” İnformasiya Agentliyi də var.


