Yuxarı
    Bağlamaq

    “Azəriqaz”: “Elşən Hüseynovun əmək funksiyalarını və öhdəliklərini layiqincə yerinə yetirmədiyi sübuta yetirilib”

    “Azəriqaz”a qara yaxan E.Hüseynovun özünün qanunsuz əməlləri barədə dəfələrlə müxtəlif informasiya saytlarında tənqidi yazılar dərc edilib
    © Report

    Bakı. 6 aprel. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar rayonu üzrə rəis müavini olmuş Elşən Hüseynov bəzi elektron informasiya vasitələrinə şikayət edərək İstehsalat Birliyində ona guya qərəzli münasibət olduğunu bildirib. Ən qəribəsi isə budur ki, vaxtilə onun haqqında yazılanlara görə “Azəriqaz”ı tənqid atəşinə tutan şəxslər və KİV-lər də bu gün onun hüquqlarının müdafiəçisi kimi çıxış edirlər”.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyindən deyiblər.

    "E.Hüseynov haqqında istər xidmət sahəsinin işçiləri, istərsə də abonentlər tərəfindən daxil olmuş çoxsaylı şikayətlərə əsasən, həmçinin rəis müavininin maliyyə-təsərrüfat fəaliyyətinin araşdırılması məqsədi ilə yoxlamalar həyata keçirilib. Aparılmış yoxlamalar nəticəsində rəis müavininin vəzifəsindən sui-istifadə etməsi halları və əmək funksiyalarının icrası ilə bağlı kobud qanun pozuntuları aşkarlanıb”. Qurumdan qeyd olunub ki, bu məsələlərin daha ətraflı və əsaslı şəkildə araşdırılması üçün SOCAR tərəfindən komissiya yaradılıb, komissiya tərəfindən müvafiq araşdırmalar aparılıb, nəticələri rəsmi qaydada təqdim olunub. Məlumata görə, Komissiyanın rəyində göstərilən nöqsanlar ətraflı müzakirə edilib, E. Hüseynovun Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını və öhdəliklərini layiqincə yerinə yetirmədiyi sübuta yetirilib.

    “Azəriqaz”dan bildiriblər ki, yoxlamalar zamanı akşar olunmuş kobud qanun pozuntularını nəzərə alaraq, E.Hüseynovun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsinə komissiya tərəfindən qərar verilib: "Ancaq E. Hüseynov həmin dövrdən başlayaraq müntəzəm olaraq bülleten götürüb, indi isə tibbi arayışın müddəti başa çatdığından özünü haqlı çıxartmaq və əməllərini ört-basdır etmək üçün müxtəlif informasiya saytlarına, eləcə də Qeyri Hökumət Təşkilatılarına yalan və böhtan xarakterli informasiyalar ötürməkdədir. E.Hüseynov və onun kimiləri kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə “Azəriqaz” İB haqqında yanlış fikir formalaşdırmağa çalışırlar. Onu da xüsusi qeyd edirik ki, indi “Azəriqaz” İB haqqında dezinformasiya xarakterli məlumatlar yayan, qarayaxma ilə məşğul olan E.Hüseynovun özünün qanunsuz əməlləri barədə dəfələrlə müxtəlif informasiya saytlarında tənqidi yazılar dərc edilib”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi