Yuxarı

​"Azəriqaz"da çilingər peşəsinə işə qəbul müsabiqəsi yekunlaşıb

Müsabiqədən 365 nəfər müvəffəqiyyətlə keçib

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdəki strukturlarında 8 region üzrə 46 rayonu əhatə edən qaz istismar idarələri üçün “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə işə qəbul müsabiqəsi yekunlaşıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, müsabiqənin yekun mərhələsində “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər”lərin hazırlanma kurslarını müvəffəqiyyətlə başa vurmuş 942 nəfərdən Azərbaycanın 7 regionunda təşkil olunmuş müsahibələrə dəvət olunub, onlardan 365-i müsabiqənin bu turundan da müvəffəqiyyətlə keçib.

Müsabiqədə müvəffəqiyyət qazanan müdavimlərin müvafiq prosedurlardan sonra ən qısa zamanda işə qəbul edilməsi nəzərdə tutuub. Müsahibə nəticəsində nisbətən yüksək nəticə göstərən digər 220 nəfər isə SOCAR-ın Kadr Ehtiyatı Bazasına daxil edilib və onların “Azəriqaz” İB-də növbəti bir il ərzində yaranacaq kadr tələbatına uyğun olaraq işlə təmin edilməsi nəzərdə tutulur.

Namizədlər müsabiqənin nəticələri barədə məlumatları SOCAR-ın İnsan resursları Departamenti tərəfindən göndərilmiş xüsusi bildirişlər və ya vakansiyaya müraciət edən zaman onlara təqdim olunmuş FİN (fərdi identifikasiya nömrəsi) və şifrəni daxil etməklə www.socar.az internet səhifəsinin “Karyera” bölməsinin “İşə qəbul” bölümünün “Müsabiqə nəticələri” paneli vasitəsilə ala biləcəklər. Müsabiqə prosesi şəffaf, obyektiv və ədalətli keçirilib.

Xatırladaq ki, “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə işə qəbul müsabiqəsində 4 628 nəfərin müraciəti qeydə alınıb, onlardan 3266 nəfəri test imtahanına dəvət olunub, 2 581 nəfəri test imtahanında iştirak ediblər. Test imtahanından keçən 1 111 nəfərdən 942 nəfəri SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən təşkil olunmuş təlimlərdə iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi