Yuxarı

​"Azəriqaz" bu il 137 min mənzilə texniki baxış keçirib

“Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını xahiş edir

Bakı. 16 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən 137 123 mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

Təbii qazdan təhlükəsiz istifadə olunması və gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə bundan sonra da texniki baxışların davam etdiriləcəyi açıqlanıb.

“Azəriqaz” İB istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Xatırladaq ki, "Azəriqaz" əməkdaşlarının keçirdiyi texniki baxış və profilaktik xidmət işləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi