“Azərikimya”nın elan etdiyi müsabiqə başa çatıb

“Azərikimya”nın elan etdiyi müsabiqə başa çatıb Otuz bir nəfər “Azərikimya”da iki aylıq ödənişli təcrübə hüququ qazanıb
Energetika
3 Aprel , 2017 18:53
“Azərikimya”nın elan etdiyi müsabiqə başa çatıb
Socar.az

Bakı. 3 aprel.REPORT.AZ/ Etilen-polietilen zavodunda iki aylıq ödənişli istehsalat təcrübəsi keçmək üçün “Azərikimya” İstehsalat Birliyinin SOCAR-ın İnsan Resursları Departamenti ilə birlikdə 2017-ci ilin yanvar ayında elan etdiyi müsabiqəyə yekun vurulub.

“Report” SOCAR-a istinadən xəbər verir ki, mühəndis-mexanik, mühəndis-energetik, nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis, mühəndis-texnoloq və kimyaçı ixtisasları üzrə elan olunmuş müsabiqədə əsasən Sumqayıtda qeydiyyatda olan 146 nəfər bakalavr təhsilli gənc iştirak edib. SOCAR-ın İnsan Resursları Departamentinin nümayəndələrinin və “Azərikimya” İB Etilen-polietilen zavodunun mütəxəssisləri tərəfindən keçirilən ilkin seçim turunda fəal olan və sualları düzgün cavablandıran 31 nəfər “Azərikimya”da iki aylıq ödənişli təcrübə hüququ qazanıb.

Bu gün “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda istehsalat təcrübəsinə başlayacaq 31 nəfər gənclə görüş keçirilib. Zavodun direktoru Oqtay Niftəliyev gənc mütəxəssislərə təcrübə müddətində uğurlar arzulayıb. Müəssisənin aparıcı mütəxəssisləri gənclərə istehsalat sahələri haqqında məlumat verib, onlar video-çarx vasitəsilə mövcud istehsalat sahələri ilə tanış olublar. Gənc kadrlar əməyin mühafizəsi və təhlükəzizlik texnikası üzrə təlimatlandırıldıqdan sonra müəssisənin Piroliz qazının sıxılması və təmizlənməsi, Qazayırma, Etilenin qəbulu və sıxılması, Sintez, Metroloji təminat və avtomatika, Elektrik avadanlıqlarının təmiri və istismarı, Buxar və elektrik enerjisi istehsalatı sahələrində, İstehsalata və keyfiyyətə nəzarət, həmçinin Elektrotexniki laboratoriyalarında mütəxəssislərin nəzarəti altında təcrübəyə başlayıblar. Gənclər iki aylıq ödənişli təcrübədən sonra təcrübə rəhbərinin müsbət rəyinə əsasən SOCAR-ın İnsan Resursları Departamentində test imtahanına buraxılacaq və imtahanı uğurla baş vuranlar elan edilmiş vakansiyalar üzrə işlə təmin olunmaq hüququ qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi