“Azərikimya” İB-də kimyaçı şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilib

“Azərikimya” İB-də kimyaçı şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilib Sumqayitda 54 kimyaçının şərəfinə xatirə kompleksi ucaldılıb
Energetika
31 Avqust , 2016 15:02
“Azərikimya” İB-də kimyaçı şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilib

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun qarşısındakı meydançada Azərbaycan torpaqlarının müdafiəsi uğrundakı döyüşlərdə şəhid olmuş 54 kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə kimyaçılar, şəhidlərin ailə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin Sumqayıt şəhərindən Milli Məclisə deputat seçilmiş Muxtar Babayev, Tahir Mirkişili və Mirzəcan Xəlilov iştirak ediblər. Tədbiri Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov açaraq, açılış mərasiminin Qubadlının işğalı gününə təsadüf etdiyini vurğulayıb və torpaqların müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhid atası, əvvəllər kimya sənayesində çalışmış Valeh Axundov və Etilen-Polietilen Zavodunun direktoru Oktay Niftəliyev tərəfindən Azərbaycanın bayrağı qaldırılıb, şəhərin 11 saylı tam orta məktəbinin şagirdlərinin ifasında Azərbaycan himni səsləndirilib.

Tədbirdə Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə, Sumqayıt Tarixi Muzeyinin direktoru Olya İslamova çıxış edərək Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən işlərdən, orduya göstərilən diqqət və qayğıdan söhbət açaraq, bu gün qüdrətli Azərbaycan ordusunun öz torpaqlarını hər an azad etməyə hazır olduğunu, dövlət, xalq və ordunun birliyinin sarsılmazlığını dilə gətiriblər.

Şəhid ailələri adından Pərvanə Babaşova çıxış edərək şəhidlərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə respublika rəhbərliyinə minnətdarlığını ifadə edib.

Açılış mərasimində xatirə kompleksinin önünə millət vəkilləri adından əklilər qoyulub, iştirakçılar tərəfindən qərənfillər düzülüb, şəhərdəki Cümə Məscidinin axundu tərəfindən şəhidlərin ruhuna dualar oxunub. 

Son xəbərlər

Orphus sistemi