Bakı.31 yanvar.REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüş keçirilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, görüşdə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf tarixi, İB-in istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri, həmçinin perspektiv layihələr haqqında ətraflı məlumat verib.
Görüşdə Almaniyanın UNIPER (EON) şirkətinin prezidenti Klaus Şehferin rəhbərlik etdiyi nümayəndə heyətinin Sumqayıta səfəri çərçivəsində enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin - “SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında imzalanan sazişə də toxunulub.
Səfir Mixael Kindsqrab iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb, neft-qaz və kimya sektoruna xüsusi önəm verildiyini qeyd edib, bu əməkdaşlığın Azərbaycan-Almaniya münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə həmçinin Sumqayıt Kimya Sənaye Parkında müxtəlif sənaye məhsullarının istehsal olunacağı onlarla kiçik və özəl kimya müəssisələrinin yaradılmasında Almaniya şirkətlərinin və iş adamlarının öz investisiyaları, mütərəqqi texnologiyaları, müasir avadanlıqları ilə iştirakının arzuedilən olduğu diqqətə çatdırılıb.
Sonra “Azərikimya” İstehsalat Birliyində yaradılmış Heydər Əliyev güşəsini ziyarət edən qonağa Ulu öndərin memarı olduğu yeni neft strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqqında ətraflı məlumat verilib.
Görüşdə səfiri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.