"Azəri-Çıraq-Günəşli"dən ötən il SOCAR-a verilən səmt qazın həcmi 26% artıb

"Azəri-Çıraq-Günəşli"dən ötən il SOCAR-a verilən səmt qazın həcmi 26% artıb Ötən il AÇG-dən SOCAR-a 2,8 mlrd. kubmetr səmt qazı verilib
Energetika
19 Fevral , 2015 18:12
Azəri-Çıraq-Günəşlidən ötən il SOCAR-a verilən səmt qazın həcmi 26% artıb

Bakı. 19 fevral REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 2014-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) gündə orta hesabla 7,55 mln. kubmetr, ümumilkdə isə bir ildə 2,76 mlrd. kubmetr səmt qazı verilib.

"Report" BP-nin Bakı ofisinin açıqladığı illik hesabata əsasən xəbər verir ki, 2013-cü illə müqayisədə səmt qazı verilişində 26,03% artım qeydə alınıb.

Ötən il AÇG-nin "Dərinsulu Günəşli" platformasından hasil edilən səmt qazını 28 düymlük sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da ölkənin daxili istifadəsi üçün "Azəriqaz" dövlət qaz şəbəkəsinə göndərilməsi davam edib.

"Azəri" yatağındakı üç platforma – "Mərkəzi Azəri", "Qərbi Azəri" və "Şərqi Azəri"dən səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə "Mərkəzi Azəri"dəki kompressor və suvurma platformasına göndərilib və oradan onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub, qalan hissəsi isə Səngəçal terminalına nəql edilib.

"Qərbi Çıraq"dan hasil edilən səmt qazın böyük hissəsi də Səngəçal terminalına göndərilib.

Məlumatda deyilir ki, "Çıraq" platformasından hasil edilmiş səmt qazının əksər hissəsi mövcud 16 düymlük sualtı qaz boru kəməri vasitəsilə SOCAR-ın “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilib. Ötən il buxarlanan qaz kompressorları və boru kəmərləri üçün planlaşdırılmış işlər başa çatdırılıb. Bu isə "Çıraq" platformasında məşəldə yandırılan qazın həcminin xeyli azaldılmasına imkan verib.

Son xəbərlər

Orphus sistemi