“Azərenerji” “Cənub” ES-də görülən işlər nəticəsində itirilmiş 200 MVt gücü bərpa edib

“Azərenerji” “Cənub” ES-də görülən işlər nəticəsində itirilmiş 200 MVt gücü bərpa edib İstehsal prosesində sərf edilən aylıq 7 mln. kVts elektrik enerjisinə qənaət ediləcək
Energetika
18 Mart , 2019 14:56
“Azərenerji” “Cənub” ES-də görülən işlər nəticəsində itirilmiş 200 MVt gücü bərpa edib

Azərenerji” ASC-nin “Reabilitasiya proqramına” uyğun olaraq ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası məqsədilə apardığı işləri davam etdirir.

“Azərenerji”dən “Report”a verilən məlumata görə, qoyuluş gücü 780 MVt olan “Cənub” Elektrik Stansiyası sentyabr ayında təhvil alınan zaman stansiyanın yükü 520 MVt olduğu halda, görülən işlər nəticəsində güc 720 MVt-a qaldırılıb və 200 MVt itirilmiş güc bərpa edilib. Lakin “Azərenerji” stansiya üzrə əldə edilən bu nəticə ilə kifayətlənmək fikrində deyil və əlavə tədbirlərini davam etdirir.

“Reabilitasiya Proqramına” uyğun olaraq hazırda Hacıqabul rayonunda yerləşən qaz paylayıcı stansiyadan Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasına 25 km məsafədə 530 diametrli yeni qaz xətti çəkilir. Buna səbəb isə əvvəl kənardan alınan qazın keyfiyyətinin aşağı olması ilə yanaşı istehsal prosesində bəzi problemlərin yaranması idi. Belə ki, hazırda “Cənub” ES-də hər birinin gücü 5 MVt olmaqla 2 ədəd qaz kompressoru işləyir, onlar qazın təzyiqini 6 atmosferdən 25 atmosferə qədər qaldırılmalı olur. Bu da orta hesabla ay ərzində 7 mln. kVts elektrik enerjisi sərfinə gətirib çıxarır.

Yeni xətt çəkiləndən sonra qaz birbaşa turbinə daxil olacaq və həmin kompressorların işləməsinə ehtiyac qalmayacaq. Bununla da həm istehsal prosesində sərf edilən aylıq 7 mln. kVts elektrik enerjisinə qənaət ediləcək, həm də həmin 7 mln. kVts elektrik enerji yükü ümumi sistemə ötürüləcək. Ən əsası isə bununla “Cənub” Elektrik Stansiyasının etibarlığı və dayanıqlığı artırılmaqla yanaşı, itirilmiş gücün bərpası istiqamətində daha bir addım atılmış olacaq.

Son xəbərlər

Orphus sistemi