“Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər - TƏHLİL

“Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər - TƏHLİL Mingəçevir qəzası və ölkənin qaranlığa qərq olması
Energetika
4 İyul , 2019 20:01

Mingəçevir qəzası və ölkənin qaranlığa qərq olması

2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə “Azərenerji” ASC-nin “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş verən qəza nəticəsində ölkə ərazisində elektrik enerjisinin verilişi dayandırıldı. Qonşu Gürcüstandan elektrik enerjisi idxalına baxmayaraq, bir neçə gün ərzində ölkənin elektrik enerji sistemini tam bərpa etmək mümkün olmadı.

Hadisəyə dərhal reaksiya verən ölkə başçısı İlham Əliyev iyulun 3-də “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı.

Sərəncama əsasən, Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini komissiyanın sədri təyin edildi. Həmçinin Energetika naziri komissiya sədrinin müavini, Daxili İşlər, Fövqəladə Hallar nazirləri, Baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru komissiyanın üzvləri təyin olundular.

Sərəncamda Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırıldı.

Bundan başqa, sərəncama əsasən, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirləri həyata keçirdi.

Hadisənin əhəmiyyəti nəzərə alınaraq prosesə xarici ekspertlər də cəlb edildi. İyulun sonlarında Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumata görə, qəzanın səbəblərinin müəyyən edilməsi və fəsadlarının aradan qaldırılması məqsədilə Almaniya və Rusiyanın ixtisaslaşmış şirkətlərindən dəvət olunmuş ekspert qrupu ilə birgə araşdırmalar aparıldı.

Araşdırmaların ilkin nəticələri və "Azərbaycan" İES-in 330 kV-luq yarımstansiyasında aparılan təhlillər Nazirlikdə müzakirə edildi. "Azərbaycan" İES və Mingəçevir-Abşeron xəttində qəza halları zamanı sistemin etibarlılığı və dayanıqlığının təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər müəyyənləşdirildi. Həmin tədbirlərin həyata keçirilməsi ilə bağlı "Azərenerji" ASC-yə tapşırıqlar verildi. Eyni zamanda xarici ekspert qrupunun ilkin rəyi və həyata keçiriləcək tədbirlər barədə məlumatlar Dövlət Komissiyasına təqdim olundu.

Bundan başqa, Dövlət Komissiyasına verilmiş digər tapşırığa əsasən strateji və dövlət əhəmiyyətli obyektlərin generatorlarla təminatı ilə bağlı araşdırmalar aparıldı və müvafiq təkliflər hazırlandı.

Nəhayət, 2 aylıq araşdırmanın sonunda Dövlət Komissiyası yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri ilə qəzanın başvermə səbəblərini ciddi araşdırıb, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlayaraq Prezidentə təqdim etdi. Rəydə qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar səbəbindən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olundu. Ölkə başçısı nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad etdi və onun yerinə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa Rzayev təyin olundu.

Qəza əhaliyə və iqtisadiyyata 500 milyon manat ziyan vurub

Əldə etdiyimiz məlumata görə, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş verən qəza nəticəsində əhaliyə və ölkə iqtisadiyyatına 500 mln. manata yaxın ziyan dəyib. Bu rəqəm qəza ilə bağlı yaradılmış Dövlət Komissiyasının beynəlxalq metodologiya əsasında apardığı hesablama zamanı üzə çıxıb.

Məlum olub ki, qəzanın baş verdiyi və nəticələrinin aradan qaldırıldığı 2 gün ərzində abunəçilər 23 mln. kVt/saat həcmində elektrik enerjisi ilə təminatdan məhrum olublar. Beynəlxalq təcrübəyə görə, abunəçiyə ötürülməyən hər kVt/saat elektrik enerjisinə görə ziyanın məbləği 100 dollar götürülür. Azərbaycan iqtisadiyyatında sənayenin payının az olduğu nəzərə alınaraq, bu rəqəm 12 dollar müəyyən edilib. Bu metodla hesabladıqda əhaliyə və iqtisadiyyata 276 mln. ABŞ dolları yaxud 469,2 mln. manat (ABŞ dollarının bu günə olan məzənnəsi 1,7 manatdır) ziyan dəydiyi müəyyən edilib. Qeyd edək ki, Mingəçevirdəki məlum qəza zamanı 2 gün ərzində ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Bu səbəbdən də “Azərenerji”nin yeni rəhbərliyi 2018-ci ilin payız aylarında “Reabilitasiya Proqramı” hazırladı. Proqram çərçivəsində 2019-cu ilin yanvarına qədər nəzərəçarpacaq bir sıra işlər görülüb.

Bu çərçivədə “Cənub”, “Şimal” və “Bakı” elektrik stansiyalarında görülən tədbirlər nəticəsində 230 MVt güc bərpa edilib. Bundan əlavə, 2018-ci ilin 3 oktyabr tarixindən 26 dekabr tarixinədək “Reabilitasiya proqramı” çərçivəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasının 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb. Nəticədə təmirdən sonra 6 sayli enerji blokunda 60 MVt yük məhdudiyyəti aradan qaldırılması test rejimində yoxlanılıb. 500 kV-luq Açıq Paylayıcı Qurğunun I dövrəsinin 6 saylı enerji bloku və 2 saylı əlaqə avtotransformatorun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Ümumilikdə “Reabilitasiya proqramı” çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES 3 il müddətində tamamilə yenidən qurulacaq. Yəni turbinlər, generatorlar, rele mühafizə sistemi, sexlər, yarımstansiyalar, 500 və 330 kV-luq hava xətləri, əks qəza avtomatikası yenidən qurulub, bərpa ediləcək.

Həmçinin hazırda yanğınsöndürmə, inzibati bina, idarəetmə mərkəzi tikilir, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınacaq, yeraltı soyutma su boru sistemlərinin bərpa edilməsi istiqamətində işlər görülür. Görülmüş işlər nəticəsində stansiyanın gücünün 220 MVt artaraq 2000 MVt-a catacaq.

Bununla yanaşı, “Reabilitasiya Planı” çərçivəsində “Şimal-1” Elektrik Stansiyasında (ES) son aylarda aparılan təmir və sazlama işləri nəticəsində itirilmiş 20 MVt güc bərpa edilib. “Azərenerji”nin açıqladığı məlumata görə, Prezident İlham Əliyev tərəfindən təməli qoyulan 409 MVt-luq “Şimal-2” ES-in tikitisi isə son aylarda daha da sürətləndirilib və artıq son mərhələyə qədəm qoyub. Yaxın aylarda “Şimal-2” ES istismara buraxılacaq. Bununla da Bakı və Abşeron yarımadasının 50% elektrik enerjisinə olan tələbatını məhz Şüvəlandakı “Şimal 1” və Şimal- 2” elektrik stansiyası təmin edəcək. Həmçinin Bakı şəhərində və regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchiz olunmasında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ” və “Səngəçal” modul elektrik stansiyalarının real generasiya gücünün artırılması və sabit fəaliyyətinin təmin edilməsi üçün lazım olan ehtiyat hissələrinin alınması məqsədilə Finlandiyanın “Wartsila” şirkəti ilə müvafiq müqavilələr bağlanıb. “Astara-1”, “Oğuz-1”, “Oğuz-2” və “Oğuz-3” su elektrik stansiyalarının tikintisi başa çatmaq üzrədir.

“Eyni zamanda 220/110/10 kV-luq “Nizami”, “Xırdalan”, “Müşfiq”, “Hövsan”, eləcə də, 110/35/10 kV-luq “8-ci km” “Zabrat”, “Əhmədli” və 110/35/6 kV-luq “Dübəndi”, 110/35/6 kV-luq “Maştağa”, 500/330/220 kV-luq “Abşeron” yarımstansiyalarında yenidənqurma işlərinə başlanılıb.

Bir çox Elektrik Stansiyaları və yarımstansiyaların 500, 330, 220, 110 kV-luq hava xətlərinin yenidən qurulması işləri aparılır və aparılmaqdadır. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında enerji mübadiləsinin texniki imkanlarının artırılmasını təmin edəcək 220 kV-luq dövlətlərarası elektrik veriliş xəttinin tikintisi, eyni zamanda Gürcüstan ilə elektrik enerjisi mübadiləsində etibarlılığı artırmaq məqsədilə 330 kV-luq “Qardabani” hava xəttinin 2 dövrəli variantda yenidənqurulması işləri davam edir. Azərbaycan Prezidentinin 20 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulması və yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi üçün 330/220/110 kV-luq “Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kV-luq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi istiqamətində işlərə başlanılıb. Bütün bunlarla yanaşı, sistem əks-qəza avtomatikasının müasir mikroprosessor texnologiyası əsasında modernləşdirilməsi gerçəkləşdirilir. Qurulacaq yeni sistem ilkin mərhələdə 30 elektrik stansiyanı və 150 yarımstansiyanı əhatə edəcək.

Elektrik enerjisinə olan tələbat artıb

“Azərenerji”nin bu günlərdə yaydığı məlumatlardan da göründüyü kimi 2019-cu ilin əvvəlindən bu günə qədər ölkə ərazisində elektrik enerjisinə olan tələbat artıb.

2019-cu ilin birinci yarım ili ərzində “Azərenerji” ASC tərəfindən xarici dövlətlərə 648 mln. kVt/s elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 mln. kVt/s çoxdur. Birinci yarım il ərzində 11,544 mlrd. kVt/s elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarım ili ilə müqayisədə 521 mln.kVt/s çoxdur.

Ən əsası isə 2018-ci ilin birinci yarım ili ilə müqayisədə 2019-cu ilin birinci yarım ili ərzində elektrik enerjisinə tələbat da 586 mln. kVt/s artıb. 2019-cu ilin birinci yarım ilində “ASAN xidmət” və elektron qaydada 12 mindən artıq əhali və qeyri əhali abonent elektrik şəbəkəsinə qoşulub. “Reabilitasiya Proqramı” çərçivəsində ölkədəki 12 elektrik stansiyası, 17 yarımstansiyada 100-dən artıq təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır. Bundan əlavə 35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur.

Ekspertlər nə düşünür?

Bu il iyunun 29-da "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) transformatorunda nasazlıq yaranıb və dərhal aradan qaldırılıb. Bu dəfə baş verən qəzanın bir fərqli cəhəti ondan ibarətdir ki, “Reabilitasiya Proqramı” çərçivəsində görülən işlər öz bəhrəsini verib və əks-qəza avtomatikasının işə düşməsi nəticəsində heç bir qəza baş verməyib. Qəza ilə bağlı məsələni şərh edən İKT məsələləri üzrə ekspert, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, ciddi bir qəzanın baş verməməsi SCADA sisteminin düzgün qurulmasından xəbər verir:

“3 gün öncə isə yenidən, məhz həmin yerdə, “Azərbaycan İES”də yanğın baş verib. Lakin bu dəfə böhran yaşanmayıb və ölkədaxili əlavə güclər avtomatik rejimdə qoşulmaqla, həmçinin qonşu ölkənin enerji sisteminə real vaxtda qoşulmaqla problem aradan qaldırılıb.Bu onu deməyə əsas verir ki ötən müddət ərzində “Azərenerji” rəhbərliyi tərəfindən müəyyən işlər görülüb, enerji sisteminin etibarlığı və dayanıqlığı, avtomatik idarəetmə üçün zəruri addımlar atılıb. Düşünürəm ki, ümumiyyətlə enerji sektorunda infrastruktur tamamilə yenilənməli, yeni texnologiyalar tətbiq edilməli, SCADA və onun alternativi tamamilə yenidən qurulmalıdır”.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Son xəbərlər

Orphus sistemi