“Azərenerji” ASC-də Heydər Əliyevin anım mərasimi keçirilib

“Azərenerji” ASC-də Heydər Əliyevin anım mərasimi keçirilib Etibar Pirverdiyev: “Heydər Əliyev strategiyası Azərbaycanın müstəqil və dayanıqlı elektrik enerji sisteminin təminatçısıdır”
Energetika
2742
12 Dekabr , 2016 19:43
“Azərenerji” ASC-də Heydər Əliyevin anım mərasimi keçirilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün “Azərenerji” ASC-də Ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib. 

“Report” xəbər verir ki, mərasimdə millət vəkilləri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov və İnsan hüquqları komitəsinin üzvü Əflatun Amaşov iştirak ediblər.

Tədbir Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev vurğulayıb ki, “Ulu Öndər Heydər Əliyev istər birinci, istərsə də ikinci rəhbərliyi dövründə bütün imkanlardan məharətlə istifadə edərək çalışıb ki, Azərbaycan qüdrətli respublikaya çevrilsin. Cənubi Qafqazda indinin özündə belə ən iri istilik elektrik stansiyası olan Azərbaycan İES-in əsasının qoyulması, onun enerji bloklarının bir-birinin ardınca istismara verilməsi Heydər Əliyevin uzaqgörənliyi sayəsində mümkün olub. Ulu Öndər müstəqillik dövründə cəmiyyətin və dövlətin həyatında mühüm və strateji yeri və rolu olan elektroenergetika sahəsinin inkişaf etdirilməsini əsas prioritet kimi müəyyənləşdirib. Nəticədə, Azərbaycanda elektrik enerjisi qıtlığı aradan qaldırılmış, kifayət qədər elektrik enerjisi potensialı yaradılıb”.

Ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin hakimiyyətə gəlişinin sağlam təməllər üzərində yaradılan milli inkişaf strategiyasının yüksələn xətlə inkişaf etdirilməsinə səbəb olduğunu vurğulayan natiq bildirib ki, Dövlətimizin Başçısının “Hər bir bölgədə güclü energetika potensialı yaradılmalıdır” prinsipi ilə biz nəinki özümüzü elektrik enerjisi ilə təchiz edə bildik, hətta bu sahədə regionun güc mərkəzinə çevrildik.

“Heydər Əliyev fenomeni bütün parametrləri ilə örnəkdir. Hər birimiz onun memarı olduğu müstəqil Azərbaycanın daha da qüdrətlənməsi yolunda var gücümüzlə bundan sonra da çalışmalıyıq!” - “Azərenerji”nin rəhbəri nitqini bu sözlərlə yekunlaşdırıb.

Sonra Milli Məclisin üzvü Aydın Hüseynov çıxış edərək, bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin hələ sovet hakimiyyəti dövründə Azərbaycanın müstəqil gələcəyini görərək, xalqın milli mənlik şüurunun oyanması və respublikanın iqtisadi asılılığının aradan qaldırılması üçün həyata keçirdiyi tədbirlərdən geniş soz açıb.

Sonra Milli Məclisin üzvü Əflatun Amaşov çıxış edərək, Heydər Əliyevin işıqlı həyat yoluna nəzər salıb. Onun bütün dövrlərdə ən böyük amalının Azərbaycanın tərəqqisi olduğunu qeyd etdi. Onun sözlərinə görə, Ulu Öndərin misilsiz xidmətləridir ki, milli kadrlar hazırlanmış, dünya şöhrətli mədəniyyət, ədəbiyyat və elm xadimlərimiz inkişaf edərək tanınıb.

Sonda akademik Arif Həşimov Ulu Öndərin milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da inamla və ardıcıllıqla davam etdiriləcəyinə əminliyini ifadə edib. Bu gün ölkəmizdə qazanılan misilsiz nailiyyətlərin birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin müstəqil Azərbaycana on illik rəhbərliyi dövründə zaman baxımından dövlətimiz bir neçə onilliyə sığa biləcək inkişaf yolu keçib.

Son xəbərlər

Orphus sistemi