Azərbaycanlı mütəxəssislər Belarusun neft emalı zavodunda H-oil kompleksinin inşasında iştirak edir

Azərbaycanlı mütəxəssislər Belarusun neft emalı zavodunda H-oil kompleksinin inşasında iştirak edir SOCAR Construction MMC-nın 150-yə yaxın nümayəndəsi Belarusdakı Mozır Neft Emalı Zavodunda ağır neft qalıqlarının hidrokrekinq kompleksinin inşasında iştirak edir.
Energetika
1 Fevral , 2020 17:36
Azərbaycanlı mütəxəssislər Belarusun neft emalı zavodunda H-oil kompleksinin inşasında iştirak edir

"SOCAR Construction" MMC-nın 150-yə yaxın nümayəndəsi Belarusdakı Mozır Neft Emalı Zavodunda ağır neft qalıqlarının hidrokrekinq kompleksinin inşasında iştirak edir.

"Report" "mazyr.by" saytına istinadən xəbər verir ki, qlobal layihələrdə geniş təcrübəsi olan azərbaycanlı və türk mütəxəssislər yüksək təzyiqli boru kəmərlərinin quraşdırılması işlərinə başlayıblar.

Bununla paralel olaraq, "Belelekromontaj" filialının bazasında boru birləşmələrinin istehsalı davam etdirilir. Bu cür əməliyyatları aparmaq üçün ən yüksək ixtisaslı qaynaqçılar cəlb edilir. Layihənin mürəkkəbliyini və gələcək kompleksin təhlükəsiz istismarı üçün tələbləri nəzərə alaraq (texnoloji avadanlıq 430 dərəcədən yuxarı olan temperaturda və təxminən 190 MPa atmosfer təzyiqində işləməli olacaq), sifarişçi Mozır Neft Emalı Zavodu tərəfindən qaynaq işlərinin yerinə yetirilməsinə ən yüksək tələblər qoyulur.

"Yüksək təzyiq və temperaturda təxminən 38 km boru kəməri istismar ediləcək. Bunlar xrom, nikel və molibden tərkibli xüsusi poladdan hazırlanıb. Təxminən 57 min yüksək təzyiqli qaynaqlı birləşmə hazırlanmalıdır. Qaynaq üçün bütün texnoloji ardıcıllığa riayət etmək lazımdır, bəzi birləşmələrin qaynağı 72 saat vaxt apara bilər. Hər bir birləşmənin rentgenoloji nəzarəti aparılır, bu, əsasən gecə saatlarında yerinə yetirilir", - Mozır NEZ-in Yenidənqurma və inkişaf şöbəsinin direktor müavini Valeri İlyuk deyib.

"Bizim subpodratçı şirkətlər, o cümlədən SOCAR tərəfindən həyata keçirilən son ən iri layihələrdən biri - İzmirdə (Türkiyə) STAR neft emalı zavodunun istismara verilməsidir. O, rekord hesab ediləcək qısa müddətdə inşa edilmişdir. Tikinti müddəti 5 il çəkərək 2014-2019 illəri əhatə edib", - Yenidənqurma və inkişaf şöbəsinin direktor müavini Yuri Komarenko bildirib.

Layihə meneceri Yengin Güngormüş, sahə rəisi Əli Gülbey, mühəndis Ozan Öztürk də jurnalistlərə fəaliyyətlərini şərh ediblər: "Burada məhsuldar iş üçün hər şey var. Ən əsası yaxın ətrafımızdakı mehriban insanlar. Mozır sənayesi inkişaf etmiş sakit bir şəhərdir".

"Mozır Neft Emalı Zavodunda bu cür layihələrdə zəngin təcrübəsi olan SOCAR şirkətinin ən yaxşı qaynaqçıları işləyirlər", - "SOCAR Construction" MMC-nin baş mühəndisi Alexandr Loyko bildirib.

Mozır Neft Emalı Zavodundakı ağır neft qalıqlarının hidrokrekinq kompleksinə kombinəedilmiş hidrokrekinq qurğusu, hidrogen və kükürd istehsalı qurğuları daxildir, burada 21 ümumzavod təsərrüfat obyektləri yerləşir. Bu investisiya layihəsinin həyata keçirilməsi yüngül, daha bahalı və yüksək tələbatı olan neft məhsullarının çıxımını 70%-ə qədər artıracaq, neft emalı dərinliyini isə 90% səviyyəsində təmin edəcək. Layihənin proqnozlaşdırılan dəyəri 1,2 milyard dollardan çoxdur.

Son xəbərlər

Orphus sistemi