Bakı. 2 oktyabr. REPORT.AZ/ Almaniya-Azərbaycan Forumu (DAF) İdarə Heyətinin sədri Hans-Eberhard Şleyer və Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin iqtisadiyyat, energetika, sənaye, orta biznes və sənətkarlıq məsələləri üzrə nazirinin müavini Günter Horzetskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan
"Report" Nazirliyə istinadən xəbər verir ki, Almaniyanın “SMS Group GmbH.”, “Claas Global Sales”, “WILO SE”, “Vallourec Deutschland GmbH.” kimi nüfuzlu şirkətləri və “Deutsche Bank”ın yüksək səviyyəli təmsilçilərinin də qatıldığı görüşdə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri ətrafında müzakirə aparılıb.
Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi Azərbaycanın əhəmiyyətli rolundan bəhs edən energetika nazirinin müavini Gülməmməd Cavadov həyata keçirilən Trans-Adriatik boru kəməri (TAP) və Trans-Anadolu qaz kəməri (TANAP) layihələrinin Avropanın qaz tələbatının ödənilməsində geniş imkanlar yaradacağını bildirib. Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən isifadə və enerji səmərəliliyi istiqamətlərində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Nazir müavini hazırda Energetika Nazirliyinin yerli və xarici mütəxəssislərin, energetika sahəsində fəaliyyət göstərən qurumların rəy və təkliflərini nəzərə almaqla, energetika sektorunun strateji inkişaf istiqamətlərini müəyyənləşdirdiyini deyərək, bildirib ki, gələcəkdə hazırlanacaq dövlət proqramları enerji səmərəliliyinin yüksək səviyyədə təmin olunmasına töhfə verəcək: "Bu istiqamətdə Almaniyanın təcrübəsindən bəhrələnmək faydalı olardı".
DAF-ın İdarə Heyətinin sədri isə deyib ki, TAP və TANAP layihələri Qərbi Avropa, o cümlədən Almaniyanı qaz asılılığından xilas etməklə yanaşı, ölkəsini daha müstəqil hiss etməsinə imkan yaradacaq. Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin iqtisadiyyat, energetika, sənaye, orta biznes və sənətkarlıq məsələləri üzrə nazirinin müavini G.Horzetski isə ölkəsinin alternativ və bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində mühüm inkişaf yolu keçdiyini nəzərə çatdırıb. Bu istiqamətdə əməkdaşlıq etmək üçün hər iki tərəfin mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması təklifindən çıxış edib və təklif yüksək qiymətləndirilib. Enerji sahəsində yeni istiqamətlər üzrə birgə əməkdaşlığa dəstək ifadə edilib.
Görüşdə qarşılıqlı maraq doğuran bu və ya digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.