​Azərbaycanla Albaniya xüsusi işçi qrupu yaradıb

​Azərbaycanla Albaniya xüsusi işçi qrupu yaradıb Məqsəd Albaniyanın qazlaşdırılması üzrə baş planının texniki-iqtisadi əsaslandırılmasının həyata keçirilməsidir
Energetika
18 Fevral , 2015 18:50
​Azərbaycanla Albaniya xüsusi işçi qrupu yaradıb

Bakı. 18 fevral. REPORT.AZ/ Fevralın 17-də Tiranada Albaniya hökuməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sədrliyi ilə Albaniyanın qazlaşdırılması üzrə baş planının texniki-iqtisadi əsaslandırılmasına dair geniş toplantı keçirilib.

SOCAR-dan "Report"a verilən məlumata görə, 2014-cü il dekabrın 19-da Azərbaycan və Albaniya arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq keçirilən tədbirdə Avropa Komissiyasının, Enerji Cəmiyyəti Katibliyinin, Trans Adriatik Boru Kəməri (TAP) və BP şirkətlərinin, Qərbi Balkan İnvestisiya Çərçivəsi Təşkilatı (WBIF) və milli şirkətlərin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Albaniyanın energetika və sənaye naziri Damian Qjiknuri Azərbaycanın Cənub Qaz Dəhlizinin inkişafında fəal rolunu və Albaniyanın qazlaşdırılması üzrə baş planının həyata keçirilməsində SOCAR-ın dəstəyini yüksək qiymətləndirib, layihənin ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə, Albaniyada qaz şəbəkəsinin yaradılması ilə Balkan regionunda qaz şəbəkəsinin genişləndirilməsinə və bununla da Albaniyanın firavanlığına mühüm töfhə verəcəyini bildirib.

SOCAR prezidentinin müşaviri Murad Heydərov Cənub Qaz Dəhlizi layihəsinin Cənub-Şərqi Avropada və Balkan yarımadasında həyata keçirilməsində Albaniyanın mühüm rol oynadığını qeyd edib, Azərbaycan hökumətinin bu ölkənin qaz bazarının inkişafına öz töhfəsini vermək niyyətində olduğunu bildirib. O, Azərbaycan və Albaniya hökumətlərinin alternativ qaz mənbələrini və Azərbaycandan Adriatik dənizi və Cənub-Şərqi Avropa istiqamətində nəqliyyat marşrutlarını təmin edən TAP və digər layihələr üzrə yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Görüşün sonunda Albaniyanın qazlaşdırılması üzrə baş planının texniki-iqtisadi əsaslandırılmasının həyata keçirilməsi məqsədilə xüsusi işçi qrupun yaradılması barədə razılığa gəlinib.

Növbəti görüş 2015-ci ilin aprel ayında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi