Yuxarı

​Azərbaycanın "Total" və "Samsung Enjineering" şirkətləri ilə apardığı danışıqlar sona çatır

SOCAR prezidenti Rövnəq Abdullayev: Layihənin yekun investisiya qərarının qəbul olunması ərəfəsindəyik

Bakı. 28 aprel. REPORT.AZ/ Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Xəzərdəki "Abşeron" perspektiv strukturunun işlənməsi layihəsi ilə bağlı aparılan danışıqlar qaydasında davam edir. "Report"un məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib: "Danışıqlar qaydasında gedir və işçi qrupları işləyir".

R.Abdullayevin sözlərinə görə, layihə artıq son mərhələdədir: "Total" artıq işləmə proqramını hazırlayır. Layihənin yekun investisiya qərarının qəbul olunması ərəfəsindəyik".

Bununla yanaşı, SOCAR başçısı Azərbaycanda yeni Neft-Qaz və Neft-Kimya Kompleksinin inşası layihəsi çərçivəsində Karbamid Zavodunun tikintisinə dair aparılan danışıqların da artıq son mərhələdə olduğunu vurğulayıb: "Artıq maliyyələşməni Koreyanın İxrac Bankı ilə həll edirik. Çox güman ki, ilin sonuna qədər anlaşma baş tutacaq. Əsas maliyyə vəsaiti xərclənib, Karbomit Zavodu üçün çatışmayan maliyyə vəsaiti dövlət büdcəsindən maliyyələşəcək. Büdcədə çatışmazlıq olduğu üçün isə hökumət belə qərara gəlib ki, bunu layihə maliyyələşməsi formasında həyata keçirsin. Artıq bizə göstəriş verilib. "Samsung" və Koreya İxrac Bankı ilə işləyirik, danışıqların son mərhələsindəyik. Gələcəkdə layihə maliyyələşməsini Koreyadan ala bilərik".

Xatırladaq ki, 2013-cü ildə SOCAR və "Samsung Enjineering" arasında Sumqayıtda azot gübrələri və karbamid istehsalı zavodunun inşası üzrə müqavilə imzalanıb. "Samsung Enjineering" şirkəti keçirilən müvafiq tender nəticəsində layihə üzrə əsas tərəfdaş seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi