Azərbaycanın magistral neft kəmərləri ilə 3,3 milyon ton neft nəql edilib

Azərbaycanın magistral neft kəmərləri ilə 3,3 milyon ton neft nəql edilib Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 3 251,4 min ton neft nəql edilib.
Energetika
17 Fevral , 2020 19:28
Azərbaycanın magistral neft kəmərləri ilə 3,3 milyon ton neft nəql edilib

Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 3 251,4 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin yanvar ayından 5,4% azdır.

Ötən ay magistral neft kəmərləri ilə nəqletmənin 80,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Belə ki, cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2 628,4 min ton neft ötürülüb. Bu isə 2019-cu ilin yanvar ayından 6,6% azdır. Dövr ərzində BTC kəməri ilə 382,3 min ton (11,5% az) tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

Son xəbərlər

Orphus sistemi