Yuxarı

​Azərbaycanın hökumət başçısı Gürcüstana gedir

Tbilisidə Şərq-Qərb enerji dəhlizinin yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Bakı. 13 may. REPORT.AZ/ Mayın 15-də Tbilisidə (Gürcüstan) Şərq-Qərb enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Energetika Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Azərbaycanı bu mərasimdə baş nazir Artur Rasi-zadə və energetika naziri Natiq Əliyev təmsil edəcəklər.

Şərq-Qərb enerji dəhlizinin əsası Bakı-Supsa neft ixrac boru kəməri ilə qoyulub. 1996-cı il martın 8-də Azərbaycan və Gürcüstan arasında ilkin neftin Gürcüstan ərazisindən nəqlinə dair hökumətlərarası sazişin imzalanması ilə Bakı-Supsa neft ixrac boru kəməri layihəsinə start verilib.

Uzunluğu 830 km, layihə gücü ildə 5,1 mln. ton, gündəlik maksimum ötürmə gücü 115 min barel olan bu kəmərin istismara buraxılması ilə Şərqlə Qərbi birləşdirən enerji dəhlizinin təməli qoyulub. 1999-cu il aprelin 17-də Supsada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentləri, habelə ABŞ prezidenti və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb ixrac boru kəmərinin və Supsa terminalının rəsmi açılış mərasimi baş tutub.

Bakı-Supsa Azərbaycanı dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk kəmərdir. Bakı-Supsa kəməri istifadəyə verildiyi vaxtdan bu günədək bu marşrutla 76,3 mln. ton neft nəql olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi