​Azərbaycanın energetika naziri neft ölkələrinin Doha görüşündə iştirak edəcək

​Azərbaycanın energetika naziri neft ölkələrinin Doha görüşündə iştirak edəcək Azərbaycan neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ideyasını dəstəkləyir
Energetika
11 Aprel , 2016 14:57
​Azərbaycanın energetika naziri neft ölkələrinin Doha görüşündə iştirak edəcək

Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 17-də Dohada (Qətər) keçiriləcək neft hasilatçılarının görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək. Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qətərin energetika və sənaye naziri Məhəmməd bin Saleh əl-Sada tərəfindən ünvanlanmış məktubda Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin, o cümlədən təşkilata üzv olmayan, lakin əsas neft istehsalçıları sayılan dövlətlərin iştirakı ilə keçiriləcək bu iclasda Azərbaycanın da iştirakının vacibliyi qeyd edilib.

Xatırladaq ki, sözügedən iclas bu il fevralın 16-da Dohada Qətər, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında baş tutmuş görüşün davamı olaraq keçirilir. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürüb və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırıblar.

“Neft hasilatçısı və ixracatçısı kimi Azərbaycanın bununla bağlı mövqeyi bundan ibarətdir ki, dünya bazarında neftin qiymətinin iqtisadi səbəblərdən çox, siyasi amillərin təsiri ilə kəskin şəkildə, 3-4 dəfə aşağı düşməsi uzunmüddətli prosesə çevrilməklə nə istehsalçı, nə də istehlakçı dövlətlərin maraqlarına cavab verir. Dünya bazarında neftin qiymətinə dəstək məqsədilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair səslənən təklif Azərbaycan tərəfindən də məqbul hesab edilir. Çünki yaranmış indiki vəziyyətdə heç bir neft hasilatçısı və investor üçün neft hasilatı cəlbedici deyil. Digər tərəfdən, neft tükənən sərvət olduğundan, hasilatı artırmaqla gəlirləri artırmaq sərfəli deyil. Neft bazarında balansın yaradılması məqsədilə bütün ölkələrin maraqlarına uyğun qərarın qəbulunda Azərbaycan da yaxından iştirak edəcək. Azərbaycanın mövqeyini yüksək qiymətləndirən OPEC öz tədbirlərinə müşahidəçi qismində Azərbaycanı da dəvət etməklə ölkəmizin mövqeyini nəzərə alır", - deyə məlumatda bildirilir. 

Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ilk neft hasilatından bəri ümumilikdə 393,5 mln. ton xam neft hasil edilib. Azərbaycanda neft hasilatı üzrə ən yüksək göstərici 2010-cu ildə 50,8 mln. ton olub. Bu ilin ilk rübündə Azərbaycanda 9,9 mln. ton proqnoza qarşı 10,5 mln. ton neft hasil edilib. Hazırda Azərbaycanda gündəlik 115 min ton neft hasil olunur.

Son xəbərlər

Orphus sistemi