​Azərbaycanın azı 100 il kifayət edəcək qaz ehtiyatları var

​Azərbaycanın azı 100 il kifayət edəcək qaz ehtiyatları var Prezident: "Bizim neft-qaz yataqlarımız kifayət qədər böyükdür"
Energetika
10 Noyabr , 2015 01:04
​Azərbaycanın azı 100 il kifayət edəcək qaz ehtiyatları var

Bakı. 10 noyabr. REPORT.AZ/ "Xəzər dənizinin bütün neft-qaz yataqlarını Azərbaycan alimləri kəşf ediblər. Azərbaycanın elmi məktəbi olmasaydı, bu yataqlar kəşf edilməyəcəkdi, yaxud da ki, nə vaxtsa ondan sonra kəşf ediləcəkdi".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunan ümumi yığıncaqda çıxış edən prezident İlham Əliyev deyib.

O bildirib ki, bu gün Azərbaycan alimləri ölkədə aparılan neft-qaz əməliyyatlarının uğurla həyata keçirilməsində mühüm rol oynayırlar:

"Onlar həm xarici tərəfdaşlarla əməkdaşlıqda, həm də Azərbaycan Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrdə iştirak edirlər. Əlbəttə, bizim üçün bu sahə də strateji sahədir. Bizim neft-qaz yataqlarımız kifayət qədər böyükdür. Qaz yataqlarımızın ehtiyatları azı 100 il özümüzə və tərəfdaş ölkələrə ixrac etmək üçün kifayət edəcək. Əlbəttə, bizim alimlərimiz də dünyada bu sahədə mövcud olan və yeni yaranan texnologiyalarla tanış olmalıdırlar. Çünki son illər ərzində bu sahədə böyük bir inkişaf müşahidə olunur. Əvvəlki illərdə qaza bilmədiyimiz dərinliklərə indi biz nəinki asanlıqla quyular qazırıq, hətta Bakıda, yerin ən dərin qatında qazma işləri apara biləcək böyük qazma qurğuları inşa edilir. Ona görə bu sahə həm bizim üçün, həm də tərəfdaşlarımız üçün strateji sahədir".

Prezident bildirib ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır, neft-qaz sektorunda, bəzi ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır:

"Bir neçə ildən sonra bizim tərəfdaşlarımızın sayı daha da artacaq. Çünki “Cənub” qaz dəhlizinin icrasından sonra 10-a yaxın, gələcəkdə ondan da çox ölkə Azərbaycan qazını əldə etmək üçün imkan qazanacaq. Ona görə ki, bu sahədə də Azərbaycan liderliyi öz üzərinə götürmüşdür. “Cənub” qaz dəhlizinin, TANAP layihəsinin nəinki təşəbbüskarı, aparıcı qüvvəsi də Azərbaycandır. Biz, eyni zamanda, öz maliyyə resurslarımızı da bu sahəyə yönəldirik".

Son xəbərlər

Orphus sistemi