Bakı. 28 dekabr. REPORT.AZ/ Energetika Nazirliyində “MDB-nin əməkdar energetiki” fəxri adına layiq görülmüş bir qrup energetikin mükafatlandırılması mərasimi keçirilib. MDB və MDB-nin Elektroenergetika Şurasının 25 illiyi münasibətilə Azərbaycan və Birliyə üzv ölkələrin energetikasının inkişafında xidmətlərinə görə Azərbaycanın 12 nəfər energetiki fəxri ad və döş nişanları ilə təltif edilib. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Mükafatların təqdimatı mərasimində çıxış edən energetika naziri Natiq Əliyev bildirib ki, başa çatmaqda olan 2016-ci il bütün dünyada iqtisadi böhran və siyasi münaqişələrlə müşayiət olunsa da, Azərbaycanda sabitlik və inkişaf mühiti qorunub: “Ölkəmiz öz inkişafının kifayət qədər məsuliyyətli bir dövrünə qədəm qoyb. İqtisadi islahatların aparılması sahəsində bir sıra mühüm nəticələr əldə olunub. Yola saldığımız 2016-cı il bir çox sahələr kimi energetika sahəsində də nailliyətlərlə yadda qalıb”.
N.Əliyev dövlət başçısının yanacaq-enerji kompleksini Azərbaycan üçün həmişə vacib sahə hesab etdiyini xatırladaraq energetiklər qarşısında mühüm vəzifələrin qoyulduğunu, hər bir energetikin ölkənin inkişafı üçün səylə çalışmalı olduğunu vurğulayıb.
Sonra energetika naziri təltif olunan energetikləri təbrik edib.
Mərasimdə təltif olunanlardan Nazirlər Kabineti sənaye və energetika şöbəsinin müdiri Səyyaf İsmayılov, “Azərişıq” ASC-nin sədri Baba Rzayev və Energetika Nazirliyinin Dövlət enerji nəzarəti İdarəsinin rəisi Cəfər Hüseynov çıxış ediblər.




