Azərbaycanda əməliyyat aparan xarici neft şirkəti kredit borcunun vaxtını uzatdı

Azərbaycanda əməliyyat aparan xarici neft şirkəti kredit borcunun vaxtını uzatdı Xəzər dənizinin Azərbaycan sektorunda Bahar və Qum-Dəniz yatağının daxil olduğu blokun operatoru olan ABŞ-ın Greenfields Petroleum Corporation neft şirkəti zəmanətli kredit borcunun ödənilməsini təxirə salan razılaşmanın imzalandığını açıqlayıb.
Energetika
14 Fevral , 2020 10:55
Azərbaycanda əməliyyat aparan xarici neft şirkəti kredit borcunun vaxtını uzatdı

Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" və "Qum-Dəniz" yatağının daxil olduğu blokun operatoru olan ABŞ-ın "Greenfields Petroleum Corporation" neft şirkəti zəmanətli kredit borcunun ödənilməsini təxirə salan razılaşmanın imzalandığını açıqlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, neft şirkətinin əsas kreditoru “Vitol Enerji” MMC daha əvvəl yanvarın 3-nə təxirə salınmış kredit müqaviləsi çərçivəsində ödəniləcək məbləğin vaxtını uzadaraq martın 16-na qədər təxirə salıb.

Məlumata görə, kredit müqaviləsindəki dəyişiklikləri nəzərə alan “Greenfields” borcun əsas hissəsinin səhmdar kapitalına konvertasiya edilməsinə və başqa strateji alternativlərin axtarışına razılıq verib.

Xatırladaq ki, baş ofisi Texas ştatının Hyuston şəhərində yerləşən “Greenfields” neft şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə "Bahar-Qum-Dəniz" ("Bahar Layihəsi") kimi tanınan neft-qaz yatağının kəşfiyyat və hasilatını aparır və layihədə 80% paya sahibdir, qalan 20% SOCAR-a məxsusdur. Bununla bağlı 22 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Bahar Enerji Əməliyyat Şirkəti” arasında sözügedən yataqların kəşfiyyatı, bərpası və işlənməsi üçün hasilatın bölünməsi haqqında razılaşma imzalanıb. 

Qeyd edək ki, 1968-ci ildə kəşf edilən “Bahar” qaz-kondensat yatağı Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir.

“Qum-Dəniz” yatağı Bakıdan cənub-şərq istiqamətdə 21 km məsafədə dənizdə yerləşən neft-qaz yatağıdır. "Qum-Dəniz" yatağı 1955-ci ildən sənaye işlənməsinə verilib.

Son xəbərlər

Orphus sistemi