Azərbaycandakı elektrik şəbəkələrinin qoyuluş gücü bu il 12 min MVA-ya çatacaq

Azərbaycandakı elektrik şəbəkələrinin qoyuluş gücü bu il 12 min MVA-ya çatacaq “Azərişıq”ın regional elektrik şəbəkələrində texniki itkilər bu ilin 9 ayında 9,9%-ə endirilib
Energetika
20 Oktyabr , 2017 09:04
Azərbaycandakı elektrik şəbəkələrinin qoyuluş gücü bu il 12 min MVA-ya çatacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycandakı elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9 500 MVA-dan 2017-cı ilin sonuna 11 900 MVA-ya çatdırılacaq. 

"Report" xəbər verir ki, bunu "Azərişıq" ASC-nin sədri Baba Rzayev rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

B.Rzayevin fikrincə, ölkədə aparılan islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunması üçün əlverişli şərait yaradıb: "Azərbaycanın müstəqil enerji infrastrukturunun formalaşdırılması, xaricdən enerji asılılığının aradan qaldırılması istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilib. Ümumilikdə, ötən 10 ildə “Azərişıq”ın balansındakı paylayıcı elektrik şəbəkələrində 40 ədəd 110 kV-luq yarımstansiya tikilib. Yeni 35 kV-luq yarımstansiyaların sayı isə 141-ə çatır. 2006-2017-cı illərdə 4 894 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 577 514 dayaq quraşdırılıb, 45 818 km uzunluğunda hava və kabel xətti çəkilib. Quraşdırlan yeni tipli elektron sayğacların sayı 1 621 871-ə çatıb".

Silsilə və kompleks tədbirlər hesabına “Azərişıq”ın regional elektrik şəbəkələrində texniki itkilər 2017-ci ilin 9 ayının yekununa görə 9,9%-ə endirilib.

"Azərişıq" sədri bildirib ki, faydalı elektrik enerjisinə görə yığım ölkə üzrə 87%, Bakı şəhəri üzrə isə 98,3% təşkil edir: "Əgər, işçilərin orta aylıq əmək haqları 2006-cı ildə 340 manat idisə, 2016-cı ildə bu göstərici 625 manata yüksəlib. Vergi öhdəlikləri də tamamilə yerinə yetirilir".