Azərbaycanda "Yaşıl enerji" strategiyası hansı məqsədə xidmət edir?

Azərbaycanda "Yaşıl enerji" strategiyası hansı məqsədə xidmət edir? “Ölkələrdə iqtisadi təhlükəsizliyin təmin olunmasında onun enerji təminatı çox böyük rol oynayır
Energetika
143
14 Yanvar , 2022 15:15
Azərbaycanda Yaşıl enerji strategiyası hansı məqsədə xidmət edir?

“Ölkələrdə iqtisadi təhlükəsizliyin təmin olunmasında onun enerji təminatı çox böyük rol oynayır. Hazırda Azərbaycanda enerji təminatı ilə bağlı problem yaşanmasa da nəzərə almaq lazımdır ki, karbohidrogen ehtiyatları tükənən ehtiyatlardır. Bu isə bərpaolunan enerji mənbələrindən istifadənin artırılmasını zərurətə çevirir”.

Bunu “Report”a ötən gün təməli qoyulan "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının əhəmiyyətini şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

"Bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsi üçün bərpaolunan enerji məsələləri üzrə informasiya sisteminin də yaradılması qarşıya məqsəd kimi qoyulub. Bu konteksdə də “Bərpa olunan enerji mənbələrinin potensialı atlası”nın yaradılması da gündəmdədir. Məhz bu atlas üzərindən çıxaraq bərpa olunan enerji mənbələrinin potensial yerləri müəyyən edilir", - E. Əmirov bildirir.

Onun sözlərinə görə, Azərbaycanda neft strategiyasının davamı olaraq bərpa olunan enerji mənbələrindən səmərəli istifadə edilməsi üçün məhz “Bərpa olunan enerji mənbələrinin potensialı atlası”nın yaradılması tələb olaraq qarşıya qoyulub: "Məlumat üçün qeyd edim ki, dünyada alternativ enerji mənbəyi kimi əsas 6 istiqamət var. Onlar günəş, külək, su, geotermal, tullantılardan və biokütlələrin emalından alınan enerji daxildir. Bunların arasında külək, günəş və su enerjisinin potensialı daha üst səviyyədədir.

Məhz biz dünən bu alternativ enerji mənbələrdən istifadənin daha təkmil olması və eyni zamanda enerji təminatının həyata keçirilməsi istiqamətində atılmış ciddi addımın şahidi olduq.

Düşünürəm ki, ölkə rəhbərliyinin tapşırığı ilə bir müddət əvvəl işğaldan azad edilmiş ərazilərimizdə ümumilikdə 13 avtomatlaşdırılmış hidroloji stansiyaların qurulması ilə bağlı verilmiş göstəriş də məhz alternativ enerji mənbələrindən istifadənin maksimal təmin edilməsinə xidmət edir. Çünki avtomatlaşdırılmış hidroloji stansiyaların hesabına ölkədə su ehtiyatlarının müəyyənləşdirilməsi, daha optimal idarə edilməsi, problemlərin öncədən proqnozlaşdırılması və bərpaolunan enerji mənbələrindən maksimal istifadənin təmin olunması məqsədi güdürdü”.

E.Əmirov hesab edir ki, dünyanın aparıcı şirkətlərində artıq neft şirkəti statusundan enerji şirkəti statusuna keçid gündəmini nəzərə alaraq, Azərbaycandada bu məsələyə diqqət yetirilə bilər.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev "Xızı-Abşeron" Külək Stansiyasının təməlqoymasında iştirak edib. Ümumi gücü 240 MVt olacaq stansiya ildə 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində 220 million kubmetr təbii qaza qənaət ediləcək və 400 min ton karbon tullantılarının qarşısı alınacaq.

Beləliklə qeyd olunmalıdır ki, müstəqillik illərində Azərbaycanın neft sənayesinin uğurlu sıçrayışı ilə yanaşı qeyri-neft sektorunda inkişaf, regionların canlanması, qlobaq iqtisadi inkişafa inteqrasiya və iqtisadiyyatın rəqabətədavamlılığının yüksəlməsi geriyədönməz xarakter alıb. Hazırda Azərbaycan davamlı inkişafın bir komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət yürüdür.

Son xəbərlər

Orphus sistemi