Azərbaycanda qaz-kimya kompleksi 2022-ci ildə istismara veriləcək

Azərbaycanda qaz-kimya kompleksi 2022-ci ildə istismara veriləcək Tikinti işlər 48 ay davam edəcək
Energetika
9 Dekabr , 2016 15:13
Azərbaycanda qaz-kimya kompleksi 2022-ci ildə istismara veriləcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi nəzərdə tutduğu qaz emalı və neft-kimya kompleksi 2022-ci ildə istismara veriləcək.

“Report” bu irimiqyaslı layihəni həyata keçirəcək SOCAR-ın törəmə müəssisəsi “SOCAR GPC”yə (Gas Plastics Company) istinadən xəbər verir ki, kompleks qaz emalı və neft-kimya zavodlarından ibarət olacaq.

Qaz emalı zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində nəzərdə tutulub.

Neft-kimya zavodu isə buxar krekinq, polimerizasiya bloku və digər qurğulardan ibarət olacaq. Zavodda ildə təxminən 600 min ton polietilen və 120 min ton propilen istehsalı nəzərdə tutulur. Propilen xam maddəsi polipropilen istehsalı üçün Sumqayıtda yerləşən “SOCAR Polymer”ə çatdırılacaq. Zavodda eyni zamanda 570 min ton etilen istehsalı da planlaşdırılır.

Layihənin inkişaf mərhələsi 15-18 ay davam edəcək. Bu mərhələdə SOCAR mühəndislik işlərini, satınalma ilə bağlı danışıqları, tikinti və maliyyə məsələlərini yekunlaşdıracaq. Beləliklə, yekun investisiya qərarı üçün kifayət qədər məlumat olacaq. Yekun investisiya qərarı qəbul edildikdən sonra tikinti işlərinə başlanılacaq və bu işlər 48 ay davam edəcək. Zavodların 2022-ci ildə istismara verilməsi gözlənilir.

Maliyyələşdirmə planına görə, layihə birbaşa maliyyələşdirmə, Asiya və Avropa şirkətləri və institutlarını əhatə edən ixrac kredit agentliyi və kommersiya bankının vəsaitləri hesabına maliyələşdiriləcək. Məlumata görə, hazırda Mühəndislik, Satınalma və Tikinti (EPC) üzrə podratçı seçimi davam edir. Maliyyələşmənin 2017-ci ilin sonuna tamamlanması gözlənilir. “ING Bank”, Çin İnkişaf Bankı və “Gazprombank” birgə maliyyə məsləhətçiləri seçilib.

“Vinson & Elkins” “SOCAR GPC”-nin beynəlxalq hüquq məsləhətçisi, “PSG” hüquq firması isə Azərbaycanda hüquq məsləhətçisi xidməti göstərir.

Layihənin tikinti mərhələsində 10 min nəfər, istismara verildikdən sonra isə 1 500 nəfər çalışacaq. Layihə çərçivəsində 2022-2041-ci illər ərzində dövlət büdcəsinə 3,5 mlrd. dollar həcmində vergi daxil olması gözlənilir. Qeyd edilib ki, layihənin Azərbaycan üçün faydalarından biri də ixrac potensialının illik 1 mlrd. dollardan çox artması ilə milli valyutaya müsbət təsir göstərməsidir.

Qeyd edək ki, bu il iyunun 17-də Rusiyanın "Qazprombank" və EXİAR ixrac kreditləri və investisiyaların sığortalanması agentliyi, İtaliyanın SACE ixrac kredit agentliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında "Azərbaycanda qaz-kimya kompleksinin maliyyələşdirilməsi və tikintisi üzrə Qarşılıqlı Anlaşma Memorandumu" imzalanıb. İmzalanma mərasimi Rusiya prezidenti Vladimir Putin və İtaliyanın baş naziri Matteo Rentsinin iştirakı ilə Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Xatırladaq ki, Vergilər Nazirliyi bu ilin avqust ayında “SOCAR GPC” MMC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin nizamnamə kapitalı 1 000 ABŞ dolları, qanuni təmsilçisi Fərid Cəfərovdur.

Son xəbərlər

Orphus sistemi