Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan Karbamid Zavodunun tikintisi üzrə işlərin 51%-i tamamlanıb. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə zavodun direktoru Xəyal Cəfərov məlumat verib.
"Mühəndislik işləri 100% tamamlanıb, satınalma işləri 99% başa çatıb.Ümumi layihənin 86% -i icra edilib",- deyə o, qeyd edib.
X.Cəfərovun sözlərinə görə, tikinti işləri 2017-ci ilin sonunda tamamlanacaq və sazlama işlərinin aparılmasından sonra 2018-ci ildə zavodda istehsala start veriləcək.
Qeyd edək ki, Karbamid Zavodunun inşası layihəsi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir. Bu məqsədlə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb və 2011-ci il dekabrın 19-da dövlət başçısının iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid istehsal edəcək.