Bakı. 10 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinn (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Göyçay rayonunun Lək-Çıplaq və Çərəkə kəndlərinə təbii qaz verilib.
“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildiriib ki, 1370 abonenti olan Lək-Çıplaq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 518 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 131 308 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
920 abonenti olan Çərəkə kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 535 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 86 489 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Görülən işlərlə yanaşı, Regionların 2018-ci ildə qazlaşdırılması proqramı üzrə Göyçay rayonunun ümumilikdə 306 fərdi evi olan Kürdşaban və Şəkili kəndlərinin qazlaşdırılması işlərinə başlanması nəzərdə tutulub.